2013-cü ildə Azərbaycanda dünyasını dəyişən tanınmışlar - SİYAHI

17:02 | 16.12.2013
2013-cü ildə Azərbaycanda dünyasını dəyişən tanınmışlar - SİYAHI

2013-cü ildə Azərbaycanda dünyasını dəyişən tanınmışlar - SİYAHI

Yola saldığımız 2013-cü il həm də bir sıra itkilərlə yadda qalacaq. Azərbaycanın ictimai-siyasi ədəbi-mədəni həyatında tanınan bir çox insan bu il dünyasını dəyişib. Modern.az saytı siyahını təqdim edir.Dünya çapında tanınan rəssam Toğrul Nərimanbəyov iyunun 8-də vəfat etdi. Ölümü gözlənilməz olduğu qədər də problemli oldu. Belə ki, mərhumun cənazəsinin dəfni əməlli-başlı mübahisəyə çevrildi. Amma harada dəfn olunmasından asılı olmayaraq, Azərbaycanla yanaşı dünya sənəti də öz görkəmli nümayəndəsini itirdi. Azərbaycan incəsənətində daha bir itki də xalq artisti, sevilən aktyor Səyavuş Aslan olub. Ömrünün sonuna yaxın xəstəlikdən əziyyət çəkən aktyor iyun ayının 27-də dünyasını dəyişib. Səyavuş Aslan “Şərəf” ordeni alandan iki gün sonra əbədiyyətə qovuşdu. Mədəniyyət sahəsində daha bir itki də rejissor Ələkbər Muradovun adı ilə bağlıdır. Ömrünün son üç ilini xərçəng xəstəliyindən əziyyət çəkən rejissor 2013-cü il avqustun birində rəhmətə gedib. Şəki Dram Teatrının aktyoru Fərman Şəkilinin ölümünü də mədəni itkilər sırasına aid etmək olar. Aktyor martın 6-da 58 yaşında dünyasını dəyişib.Ədəbiyyat aləmi də bu il öz “yarpaq tökümü” ilə yadda qalmağı bacarıb. İlk olaraq fevral ayının 5-də yazıçı-jurnalist Zakir Sadatlı həyata vida deyib. 53 yaşında dünyasını dəyişən mərhum yazıçı “Əfqanıstan uçurumu” adlı kitabının Milli Kitab Müsabiqəsində qalib olmasını da görə bilmədi. Elə o ərəfələrdə daha dəqiqi fevralın 6-da daha bir yazar şair Şaiq Vəli də haqq dünyasına qovuşdu. Sumqayıt şəhərində kasıb və kimsəsiz şəraitdə dünyasını dəyişən şairin 3 uşağı hələ də qohumlarının himayəsi altındadır. Ədəbiyyatın daha bir düşmüş yarpağı 84 yaşlı folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır. Nizami irsi və Azərbaycan folklorunun ensiklopediyası sayılan alim həm də Folklor İnstitutunda Müdafiə şurasının üzvi idi. Sentyabrın 1-də “Qobustan” jurnalının baş redaktoru şair Ələkbər Salahzadə 62 yaşında haqq rəhmətinə qovuşub. Ondan bir az sonra konkret olaraq sentyabrın 20-də ədəbi tənqidçi Elnarə Tofiqqızı həkim məsuliyyətsizliyi nəticəsində həyatla vidalaşıb. Bundan da on gün sonra, oktyabrın 1-də şair, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu dünyasını dəyişib. Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən şair həmin gecə sonuncu insultu keçirərək 56 yaşında haqq dünyasına qovuşub.  Elm aləmində də hər il olduğu kimi bu il də görkəmli alimlərin itkisi ilə yadda qalıb. Tibb elmləri doktoru, akademik Rəhim Rəhimov iyul ayının 6-da 86 yaşında dünyasını dəyişib. Daha bir itki isə BDU-nun professoru filologiya elmlər doktoru Yusif Seyidovla bağlıdır. O, noyabr ayında 84 yaşında vəfat edib. Siyasi arenada da həyat düzəni həmişə sabit qalmayıb. Belə ki, sentyabrın əvvəllərində Azərbaycan xalq hərəkatının rəhbərlərindən olan Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli də bu il dünyasını dəyişdi. Mart ayında isə Milli Məclisin deputatı Hikmət Atayev VAZ 21-06 markalı avtomobilində qəzaya uğrayaraq vəfat edib. Hərb sahəsində ən ağır itki isə Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Məhəmməd Abbasquliyevin dünyasını dəyişməsidir. General noyabr ayının 22-də infarkt nəticəsində dünya ilə vidalaşıb. Dünyasını dəyişən bütün insanlara Allahdan rəhmət diləyirik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM