Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANN.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulandı, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
İlham Əliyev həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.
Çarls Hendri bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.
Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.
Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu dedi. Dövlət başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !