Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANN.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, İlham Əliyev Serbiyanın Baş naziri ilə Münxendəki görüşünü və tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu dedi.
Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirildi.
Ölkələrimiz arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olundu.
Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulandı.
İlham Əliyev bu gün həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Tatarıstana səfərini və Kazan şəhərinin onda böyük təəssürat yaratdığını məmnunluqla xatırladığını dedi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Prezident Rüstəm Minnixanov Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin, xüsusilə Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində aparılan işlərin onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını dedi.
O, əldə olunan yüksək nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan Prezidenti nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli görüşlər keçirdiklərini vurğuladı.
Rüstəm Minnixanov Azərbaycanda yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini dedi.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !