SOCAR-dan ANN.Az-a verilən məlumata görə, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin respublikanın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Sabirabad və İmişli rayonlarının kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir. Sentyabrın 5-də Sabirabad rayonunun Şıxsalahlı və İmişli rayonunun Boşçalılar kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimlərdə "Azəriqaz” İstehsalat Birliyinin, rayonların İcra Hakimiyyətlərinin təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 376 abonenti olan Sabirabad rayon Şıxsalahlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 50353 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 376 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
326 abonenti olan İmişli rayon Boşçalılar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 30156 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 326 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !