2016-cı il dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

18:28 | 14.09.2015
2016-cı il dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

2016-cı il dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

2016-cı ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14 mlrd. 566 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2%-ni təşkil etməklə 16,264 mln. manat həcmində proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
 
Sənəddə qeyd olunub ki, dünya bazarlarında neftin qiymətinin kəskin enməsi, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. Qeyd edilən amillər nəzərə alınmaqla, 2016-cı il dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i həcmində olmaqla, 14 mlrd. 566 mln. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 4,872 mlrd. manat və yaxud 25,1% azdır.
 
2016-cı il üzrə qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46,5%
proqnozlaşdırılıb ki, bu da cari ilin proqnozundan 11,8 faiz-bəndi, 2014-cü ilin faktiki
göstəricilərindən isə 12,5 faiz-bəndi çoxdur.
 
Son illərin ənənəsindən fərqli olaraq, dövlət büdcəsinin gəlirləri üzrə real vəziyyətə uyğun olaraq, 2016-cı il dövlət büdcəsinin xərcləri investisiya və sosialyönlü büdcədən daha çox sosialyönlü büdcəyə çevrilib, bu zaman dövlət büdcəsi xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılması diqqətdə saxlanılıb.
 
2016-cı ildə sosialyönlü xərclərin prioritetliyi saxlanılmaqla, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin maliyyə təminatı nəzərə alınıb. 2016-cı il dövlət büdcəsinin xərcləri ilk növbədə müdafiə olunan və ona bərabər tutulan xərclərə yönəldilmiş (əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və öhdəliklər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər), həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu və digər mənbələrdən (xarici kreditlər) cəlb edilmiş vəsait hesabına yeni tikilmiş, bərpa edilmiş və yenidən qurulmuş sosial və digər infrastrukturların saxlanma və xidmət xərcləri üçün dövlət büdcəsinin xərclərində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb. Bununla yanaşı, iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, xarici borc və öhdəlikləri yerinə yetirmək, qeyri-neft sektorunun inkişafına dəstək olmaq 2016-cı və sonrakı üç ildə qarşıda duran vəzifələrdəndir.
 
Aqrar sektora dövlət qayğısının daha da artırılması, bu sektorun inkişaf hədəfləri və prioritetlərinə uyğun olaraq, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının artırılması və çeşidinin genişləndirilməsi üçün 2016-cı il dövlət büdcəsində maliyyə bazası yaradılıb.
 
Müvafiq dövlət proqramlarının və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş proqramların və tədbirlərin maliyyələşdirilməsi 2016-cı ildə də davam etdiriləcək.
 
2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4836,0 mln. manat və yaxud 22,9% az deməkdir.
 
2016-cı il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,6%-i həcmində və yaxud 10 mlrd. 188,3 mln. manat, əsaslı xərclərə ümumi xərclərin 29,7%-i həcmində və yaxud 4 mlrd. 826 mln. manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 7,7%-i həcmində və yaxud 1 mlrd. 249,7 mln. manat vəsait yönəldiləcək. 2016-cı ildə dövlət büdcəsi xərclərinin 5364,4 mln. manatı və yaxud 33%-i konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
 
Dövlət büdcəsi xərclərinin strukturunun və tərtibi prosesinin təkmilləşdirilməsi və ünvanlılığın daha da artırılması istiqamətində işlərin davamı olaraq 2016-cı il dövlət büdcəsi xərclərində iqtisadi təsnifatın "Sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 2015-ci illə müqayisədə 350 mln. manat və yaxud 20,3% azalıb.
 
2016-cı il dövlət büdcəsinin kəsirinin (defisitinin) maliyyələşdirilməsi üçün 1,698 mlrd. manat vəsait nəzərdə tutulub.
 
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi ozəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
 
2016-cı ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,9% təşkil edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM