2017-ci ildə Geteborq şəhərinin yollarında insan müdaxiləsi olmadan hərəkət edə bilən təxminən 100 maşın istifadəyə veriləcək. Sözügedən təcrübi layihə robot maşınların faydasını və istehlakçıların onlara münasibətini müəyyənləşdirməyə imkan verəcək.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 4 il sonra İsveçin “Volvo Car Group” şirkəti yüzə yaxın robot-avtomobil istehsal edəcək. “Drive Me” adlanan layihə İsveç Nəqliyyat Nazirliyi, Lindholmen Elm Parkı və Geteborq şəhər administrasiyası tərəfindən dəstəklənir. “Volvo” məhz Geteborq şəhəri ətrafında öz robot-avtomobillərini sınaqdan keçirəcək.
Avtomobil yollarına bu cür təqribən 100 avtomobil çıxarmaq planlaşdırılır. Robot-avtomobillər göstəricilərin emalı üçün datçik, kamera və bort kompüteri ilə təchiz ediləcək. Boş maşın dayanacağı yerinin avtomatik axtarışı sistemi yaradılacaq. “Volvo” şirkəti daha öncə sözügedən texnologiyanı nümayiş etdirib.
Təcrübi layihə müəlliflərinin sözlərinə görə, sınaqlar zamanı sürücüsüz avtomobillərin yollarda təhlükəsizliyi artırması və şəhər trafikinin vəziyyətini yaxşılaşdırması məlum olacaq. İstehlakçıların bu cür hərəkət “iştirakçı”larına reaksiyası da böyük əhəmiyyət kəsb edir: adi sürücülər robot-avtomobillərin mövcudluğuna hazırdırlarmı və şəhər yollarında onlara etibar etmək olarmı?
ANN.Az