Mart ayı girər-girməz qadınların üzünə təbəssüm, qəlblərinə sevinc qonur. Səbəbi hər kəsə məlumdur - 8 Mart Beynəlxalq Qadınlar günü. Sevgililər gününün xərcindən canını yenicə qurtaran kişilər bu dəfə də ətraflarındakı qadınları sevindirməlidirlər. Bəs 8 Martda qadınlar kişilərdən hansı hədiyyə gözləyirlər?
Aparılan sorğu nəticəsində məlum olub ki, həm qadınlar (83%), həm də kişilər (78%) 8 Mart Beynəlxalq Qadınlar gününü bayram olaraq qeyd edirlər. Hər iki cinsdən olan respondentlər bu günü evdə (78%) qeyd etməyə üstünlük verirlər.
Kişilər hər bayram olduğu kimi, bu bayramda da qadınları bir dəstə gül ilə sevindirməyi düşünürlər (54%). Qadınları ətirlə sevindirmək istəyənlər də yetəri qədərdir (45%).
14% kişi respondent qadınları sevindirməyin qısa yolunu tapıb. Onlar zərif cinsi pulla sevindirəcəklər. 13% kişi isə bayramda əməlli-başlı xərc çəkərək zinət əşyası hədiyyə edəcək. Xanımların gözəlliyinə gözəllik qatıb onlara kosmetika və qulluq vasitələri hədiyyə etmək istəyənlər isə 8%-dir.
Bəs görəsən paytaxtın zərif xanımları bu bayram günündə kişilərdən hansı hədiyyə almaq istəyir ?
Respondent qadınların tam yarısı kişilərdən bir dəstə gül almaq istədiyini bildirib (50 %). Ətirlə bayramına əhval-ruhiyyə qatmaq istəyən xanımların da sayı kifayət qədərdi (46 %).
"Əsas hədiyyə deyil, diqqətdir” deyən xanımlar isə sorğuda 10% səs toplayıb. Maraqlısı odur ki, bu fikri səsləndirənlərin əksəriyyəti ahıl qadınlardır (65 və çox yaş-31% ).
Sorğu 22 – 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !