Pensiyaçılara şad xəbər

12:28 | 16.03.2017
Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər

"2017-ci ilin mart ayı üzrə Azərbaycanda əmək pensiyalarının nəzərdə tutulan qrafikdən əvvəl maliyyələşdirilməsi üçün aidiyyəti tədbirlərin görülməsi təmin olunub”.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. 

Onun sözlərinə görə, qarşıdan gələn Novruz bayramı nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub: 

"Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb. 

Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. 
Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib”.

Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. 

Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM