Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

15:08 | 07.09.2017
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

"ABŞ bir neçə ilə Cənubi Qafqaza hərbi müdaxilə edəcək”

Ermənistan Avrasiya İttifaqını tərk etmək istəyir və Ukraynanın yolunu təkrarlaya bilər.

İstiPress-in məlumatına görə, Serj Sarkisyanın Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) düşmənçiliklə qarşıladığı müxtəlif qərb tədbirlərinə qatılması bir sıra rusiyalı ekspertlər tərəfindən bu cür qarşılanır. Erməni mətbuatını izlədikdə isə Sarkisyanın Qarabağ məsələsində qərbdən dəstək almaq üçün siyasi gedişlər etdiyini, bu dəstəyi tam təmin etdikdən sonra Rusiyaya arxa çevirəcəyini anlamaq olur.

Səbəb aydındır - Ermənistanı Avrasiya İttifaqı kimi coğrafi baxımdan əlverişsiz bir birliyə sürükləyən tək səbəb Qarabağ məsələsidir. Rusiyada Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev Rusiyanın "Vestnik Kavkaza" portalına müsahibəsində bildirib ki, Avrasiya İttifaqına daxil olmaq Ermənistan üçün elə də ciddi iqtisadi inkişafa səbəb olmayıb:

"Bu respublikanın maraqları öz məhsullarının ixrac xərclərini azaltmaq və maneəsiz ixrac ətrafındadır. Amma bu məhsullar yetərincə azdır, təəssüf ki, bu ölkənin kənd təsərrüfatı da, sənayesi də pis vəziyyətdədir”.

Nikita İsayevin sözlərinə görə, Avrasiya İttifaqına daxil olmaq sadə Ermənistan vətəndaşlarının həyatına heç bir ciddi təsir göstərməyib. Onun fikrincə, Ermənistan üçün Avrasiya İttifaqına daxil olmaq daha çox siyasi qərar olub, amma artıq keçən 2 il ərzində siyasi gerçəkliklər müəyyən dəyişikliklərə uyğrayıb.

Böyük ehtimalla, Nikita İsayev Qarabağ probleminə və aprel döyüşlərinə toxunur. 2016-cı ilin aprel ayında Azərbaycan ordusu onlarla tankla hücuma keçmiş Ermənistan ordusunu darmadağın etdi.

Ermənistanın məqsədi BTC-ni və Cənub Qaz Dəhlizini ələ keçirmək, bununla da Rusiyanın Qərbə təzyiqinə dəstək vermək idi. Amma Azərbaycanın əks hücumu nəticəsində ermənilər 20-yə yaxın tank, 500-ə yaxın əsgər itirdilər. Azərbaycan Rusiyanın ciddi təzyiqinə baxmayaraq, işğaldan azad etdiyi iki strateji yüksəkliyi əlində saxladı.

Azərbaycanın texnoloji cəhətdən üstün silahları ənənəvi olaraq Rusiyanın, demək olar ki, pulsuz verdiyi hərbi texnikaya arxalanan erməni ictimaiyyətini təşvişə saldı. Ermənilərdə Rusiyaya inam və Rusiya sevgisi getdikcə azalmağa başladı. Son sosioloji araşdırmalara görə, keçən 1 il ərzində Ermənistanda qərb yönümlülərin payı 11 faizdən 40 faizə qədər yüksəlib. Özü də, hakimiyyəti təmsil edənlər arasında da qərbyönümlülər artmağa başlayıb.

Nikita İsayev bu məsələni diqqətdən qaçırmayıb və Ermənistanın ciddi dəyişiklik ərəfəsində olduğunu vurğulayıb:

"Ermənistan indi Yanukoviç hakimiyyətinin son illərinin Ukraynasına bənzəyir: siyasətçilərin bir qismi Avropa Birliyinə inteqrasiyaya çağırır, rusiyapərəstlər isə Avrasiya İttifaqı ilə əlaqələrin inkişafından danışır”.

Bu, son aylarda Ermənistanda amerikapərəstlərin gözündə Serj Sarkisyanı qəhrəmana çevirib. Məsələn, Ermənistanın Amerika yönümlü portalı "Lragir.am”ın şərhçisi Akop Badalyan Serj Sarkisyanın çox uğurlu oyun apardığını bildirir:

 "Serj Sarkisyan qərb və Rusiya kozırları ilə çox uğurla oynayır. Mənim fikrimcə, bunun əleyhinə heç nə etmək olmaz. Özü də indi Ermənistanda Serj Sarkisyandan başqa oyunçumuz yoxdur”.

Nikita İsayev isə Ermənistanın bu oyunlarının Avrasiya İttifaqından çıxması ilə nəticələnəcəyini vurğulayır: "Bu, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik üzündən yox, sərt xarici təzyiq nəticəsində - Cənubi Qafqazda mümkün hərbi gərginlik və ya ABŞ tərəfindən ciddi ultimatum nəticəsində baş verə bilər”.

Təbii ki, Ermənistan Rusiyanı tərk edən zaman ABŞ-ın yanında yer alacaq və bu, qərbin Qarabağ məsələsində ermənilərə vədlər verməsi fonunda mümkündür. Qərb bu məsələdə Ermənistanı həmişə yanında görmək istəyir. İndi Madrid prinsipləri kimi tanınan və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan pressinq mexanizmi ilə razılaşmaq hələ 1990-cı illərin ikinci yarısında Bill Klintonun hakmiyyəti dövründə Azərbaycanın qarşısında qeyri-rəsmi tələb kimi qoyulmuşdu.

Baxmayaraq ki, həmin vaxt Ermənistanın Qarabağı işğal etməsində Rusiya ordusunun açıq dəstəyi hamıya məlum idi. Amma yenə də Amerika buna göz yumurdu və qeyri-rəsmi görüşlərdə Azərbaycana "sizə Turan yaratmaq imkanı verməyəcəyik” xəbərdarlığı edilirdi. İndi Ermənistan açıq aydın Qərb yolu tutsa, bu, Qarabağ münaqişəsinin Kosovo variantı ilə həll edilməsinə səbəb ola bilər. Azərbaycan bu məsələdə ayıq olmalı və Ermənistanın oyunlarını vaxtında pozmağı bacarmalıdır.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM