Atası tərəfindən yanan sobaya atılan oğlanın dəhşətli hekayəsi - FOTO

22:44 | 22.12.2018
Atası tərəfindən yanan sobaya atılan oğlanın dəhşətli hekayəsi - FOTO

Atası tərəfindən yanan sobaya atılan oğlanın dəhşətli hekayəsi - FOTO


"Bax dərimə, elə bil çimərlik qumudur", - 16 yaşlı Lyoşa gülümsəyir.

Lyoşa Sibirin şərqində, Buryatiyada yerləşən, yoxsulluq və alkoqolizm içində çapalayan ucqar bir kənddəndir.

 "BBC Azərbaycan" xəbər verir ki, 2005-ci ildə Yeni İl bayramından sonra onun atası, alkoqolizmin təsiri altında düşdüyü qarabasma vəziyyətində iki azyaşlı uşağını sobaya atır.

14 aylıq qardaşı aldığı yanıq xəsarətlərindən ölür. Anası Lyoşanı xilas edə bilir. Uşaq dəhşətli yanıqlar alır, onun başı, çiyinləri, qolları, ağciyəri yanır, lakin sağ qalır. Lyoşaya Moskvada bir ailə qəyyumluq edib. Onun müalicəsi on ilədək çəkib. Həkimlər onun yanıq yerlərini dəri parçaları ilə örtmək üçün cərrahiyyə əməliyyatları aparıblar.

Onun 16 yaşı tamam olanda, Lyoşa artıq dünyanın yarısını gəzib dolaşmışdı.

"İsveçrədə olmuşam, ABŞ, Almaniya, Fransa, Litva - çox yerlərdə olmuşam, - o deyir. - Hamısı da yanıqlarıma görə. Reabilitasiya klinikalarında olmuşam".
"Dərdi olan adam ətrafa fərqli gözlə baxmağa başlayır və hətta yeni imkanlar da açılır, lakin gərək elə edəsən ki, həmin dərd sənin məzarına çevrilməsin", - Lyoşa əlavə edir.

Lyoşanın vəziyyətində, üzü-gözü çapıqlı halda uşağın məktəbə necə getdiyini təsəvvür belə etmək çətindir. Uşaqlar və hətta böyüklər bəzən elə qəddar olurlar ki...

"Balaca olanda insanlara nifrət edirdim, - Lyoşa etiraf edir. - Mənə elə gəlirdi ki, onlar mənə sanki bir heyvana baxdıqları kimi baxırdılar".

"Sonra psixologiya ilə maraqlanmağa başladım. Bu, mənə bir çox şeyləri anlamağa kömək etdi. Və nifrət hissi öz-özünə yox oldu".

İllər keçdikcə Lyoşanın zahiri görünüşü ətrafdakıların diqqətini cəlb etməkdə davam edir.

"İnsanlar başa düşmədikləri haldan qorxur, ya da sənə nifrət edirlər. Digərləri isə maraqlanır - belələri səni daha yaxşı anlamağa çalışırlar. Lyoşadan soruşanda ki, baş vermiş faciə onun həyatını kökündən dəyişibmi, o, sadəcə, çiyinlərini çəkir.

"Bu, mənim seçimim deyildi. Nə olubsa, olub. Hadisə başqa nəticə ilə bitsəydi, mən ya ölü olacaqdım və ya heç nə baş verməyəcəkdi və mən Buryatiyada yaşamaqda davam edəcəkdim. Vəssalam".

O, kimisə təqsirləndirməyə çalışmır, heç kimdən qorxmur, sadəcə, öz həyatını yaşayır.

Hətta onun oda, alova münasibəti də gözlənilməzdir:

"Mən odu, tonqalı xoşlayıram. Məlumdur ki, yanğına düşən, yanıq xəsarəti alan insan oddan qorxmağa başlayır. Amma mən oddan qorxunu mənasız sayıram. Alovun verdiyi işığı və istini xoşlayıram. Əbəs yerə demirlər ki, oda, suya baxmaqdan adam heç zaman bezmir. Odu özümə dost sayıram".
Əfsanəvi simurq quşunu da Lyoşa özünə dost sayır. Həmin o quşu ki, öləndə özünü yandırır ki, külündən yenidən yaransın. Bu quş əbədi həyatın, həyatın ölümə üstün gəlməsinin rəmzidir.

"Burada mən özümlə müəyyən bir əlaqə görürəm. Uşaq olarkən mən də yanmışam. Yəni müəyyən mənada mən də küldən yenidən yaranmışam".
İndi Lyoşa Moskvada yaşayır və təhsil alır. O, bu yaxınlarda həbsxanadan çıxmış bioloji atası ilə əlaqə saxlayır. Nə vaxtsa onu yanan sobaya atmış həmin o adamla.

"Atasını bağışlayıbmı?" sualı Lyoşanı təəccübləndirir:

"Bu, bağışlanma deyil. Mən onu çoxdan bağışlamışam. Bu, sadəcə, ünsiyyətdir, normal adamlar arasında olan ünsiyyət".

"Mən ona heç vaxt nifrət etməmişəm. Ola bilsin, o düşünür ki, mən ondan incimişəm. Lakin onunla görüşəndə - mən Buryatiya getdim, onunla görüşüb söhbət etdim - mən ona ürəyimdəkilərin hamısını dedim. İndi də biz yazışırıq, ünsiyyət saxlayırıq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM