Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqda qərar qəbul edib.
Anews.az Report-a istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.
İnflyasiya prosesləri. İnflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil etmişdir. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşmışdır. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlmişdir. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilmişdir.
Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcəkdir. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6.2% artaraq 47.5 mlrd. dollara çatmışdır.
Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24% yüksəlmişdir.
Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşmüşdür (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).İqtisadi aktivlik. İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil etmişdir. Qeyri-neft sektorunda artım 2.1% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artmışdır.
İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2.7%) əhali gəlirlərinin artım tempindən (5.5%) geri qalmışdır. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.
Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.
Monetar şərait. May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artmışdır ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !