Qanunsuz tikintiyə etiraz edənləri "cəzalandırmaq" istədi...

17:01 | 19.06.2019
Qanunsuz tikintiyə etiraz edənləri

Qanunsuz tikintiyə etiraz edənləri "cəzalandırmaq" istədi...


Binəqədi rayonu, 9-cu mikrorayonun Adil Məmmədov küçəsi, 83 ünvanında əhalinin ümumi istifadəsində olan yaşıllıq sahəsinin özəlləşdirilməsi və sakinlərin buna etiraz olaraq məhkəməyə müraciət etməsi barədə yazmışdıq.

Bu gün Binəqədi Rayon Məhkəməsində iş üzrə növbəti iclasda maraqlı anlar yaşanıb. Məlum olub ki, özəlləşdirilən torpaq sahəsinin mülkiyyətçisi də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Mülkiyyətçi iddia edib ki, sakinlər onun "mülkiyyət hüquqlarının həyata keçirilməsinin qarşısını alır və mülkiyyətinə qəsd edirlər”. Məhkəmədən bu hallara son qoyulmasını xahiş edən mülkiyyətçi, həmçinin 5 nəfər cavabdeh sakindən ona vurulan maddi və mənəvi zərərin ödənilməsi üçün 50.000 manatın tutulmasını istəyib... Mülkiyyətçi bu məbləğdən 20 min manat vəsaitin sözügedən torpaq sahəsində tikinti işi üçün alınan materiallara sərf olunduğunu iddia edib.   

Məhkəmədə sakinlərin gülüşünə səbəb olan bu iddia qeyri-ciddi qarşılanıb. Sakinlər qarşı tərəfdən 20 min manatlıq inşaat mallarının maliyyə sənədini tələb edib. Qarşı tərəf belə bir sənədi təqdim edə bilməyib. Öz növbəsində, Binəqədi Rayon Məhkəməsi iddianı rədd edib.

Xatırladaq ki, sözügedən torpaq sahəsi 83 saylı yaşayış binasının arxasında yerləşir və 780 kv.metr sahəni əhatə edir. Burada 40-dan çox ağac var. Ərazidə, həmçinin avtobus dayanacağı yerləşir və sakinlərin gündəlik istifadə etdiyi piyada yolu buradan keçir. Torpaq sahəsində tikintiyə icazə olmadığı halda mülkiyyətçi 2018-ci ilin iyununda ərazini hasarlamağa cəhd göstərib. Lakin sakinlərin müraciəti əsasında Binəqədi Rayon İcra Hakimiyyəti qanunsuz tikinti cəhdinin qarşısını alıb. Torpaq sahəsi Binəqədi rayon bələdiyyəsi tərəfindən özəl mülkiyyətə verilib. Sakinlər bələdiyyə qərarının ləğv edilməsini istəyir. Məhkəmə prosesi davam edir.
 
Elçin Məmmədli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb