Lider mobil operator Azərbaycanın
ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəstək olur
İnformasiya-kommunikasiya
texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi dövrdə
cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet
istiqamətlərinin birinə çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış
etməyə davam edir. Bu il paytaxt Bakıda keçiriləcək dünyada kompüter elmi sahəsində gənclər
arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci Beynəlxalq İnformatika
Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil
olunacaq. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil
Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı
olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir.
İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də
yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində
mobil internet və xüsusi hədiyyələrlə də təmin edəcək.
1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Bundan əvvəl Olimpiada dünyanın 30-a yaxın ölkəsində baş tutmaqla Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və s. şəhərlərində keçirilib. Bu il ölkəmizdə baş tutacaq Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri qeydiyyatdan keçmişdir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları müxtəlif illərdə 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıb.
Xatırladaq ki, Azercell Telekom yarandığı vaxtdan ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də, ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsinə xüsusi proqramlar, yerli və beynəlxalq müsabiqələr səviyyəsində öz dəstəyini göstərməkdə davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !