Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Sərəncamla Nazirlər Kabinetinə 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.
Sərəncamda bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb.Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !