Fevral ayının 28-i Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi və "Azercell Telecom” MMC arasında
əməkdaşlıq haqqında Memorandum imzalandı. Ölkədə olimpiya layihəsi, birbaşa
idman, sağlam həyat tərzi dəyərlərinin təbliğinə və inkişafına daima dəstək olan
Azercell 2 il ərzində, 2021-ci ilin sonunadək, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.
İmzalama mərasimində çıxış edən
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay
Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mötəbər
idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi
qiymətləndirib. Dövlət və hökumət nümayəndələrinin, respublikanın idman
ictimaiyyətinin tanınmış simalarının, tərəfdaşların, eləcə də media
nümayəndələrinin iştirak etdiyi tədbirdə "Azercell Telekom” MMC-nin prezidenti
Vahid Mürsəliyev öz növbəsində imzalanan tərəfdaşlıq memorandumunun mühümlüyünü vurğulayıb və Azərbaycanda Olimpiya
hərəkatının inkişafında şirkətin
iştirakının əhəmiyyətindən danışıb. "Biz,
tərəfdaş olaraq, idman, sağlam həyat tərzinin təbliğində, o cümlədən
maarifləndirmə sahəsində böyük olimpiya ailəsinin üzvləri ilə bütün
imkanlarımızı bölüşməyə hazırıq. Ümid edirik ki, belə bir addım nəinki Oyunlara
tamaşa edən auditoriyanın genişlənməsinə, həm də minlərlə gəncin idmanla məşğul
olmasına səbəb olacaq. Ölkəmizi təmsil edəcək bütün idmançılarımıza bu
məsuliyyətli yolda güclü olmağı, bayrağımızı daima ucaltmağı arzulayıram.”
Olimpiya
Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm
idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il
tarixində keçiriləcəkdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !