Mərkəzi Bank uçot dərəcəsini endirdi

13:53 | 18.09.2020
Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi barədə qərar qəbul edib. 
Bu barədə anews.az-a AMB-dən bildirilib. 

Bundan başqa, qurum faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 7% səviyyəsində müəyyən edib.

"Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir. 
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən  asılı olaraq qəbul ediləcək", - deyə qurum bəyan edib. 
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

İH-nin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0,2% azalıb, illik inflyasiya isə 2,8% təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0,5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə, 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.
Qlobal mühit və xarici sektor göstəriciləri
Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda  bərpa prosesi çox ləng gedir.
Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında  dalğalanmalar yenidən yüksəlib.  
Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlib. Avqustda "Brent" markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42,1 ABŞ dollarına enib. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.  
Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51,4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 3,7% artıb.
Monetar şərait
Koronavirus pandemiyasının davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.
Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artıb. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.
Bank sistemində izafi likvidlik şəraitində AMB-nin depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.
Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artıb. Kredit qoyuluşlarında da son ayda artım davam edib.  
Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edib. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcək.  

İqtisadi aktivlik
Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngiyib.  Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi  2,5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1,7% olub.
Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunub.

İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcək.

İnflyasiya riskləri
Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.  
  
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcək.
Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar oktyabrın 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM