Hindistan beynəlxalq uçuşların bərpasını təxirə saldı

21:00 | 28.10.2020
Hindistan Baş Mülki Aviasiya İdarəsi (DGCA) beynəlxalq kommersiya sərnişin uçuşlarının bərpasını noyabr ayının 30-dək təxirə salıb.

"Report” qurumun açıqlamasına istinadən xəbər verir ki, bu qərar yük təyyarələrinə, habelə DGCA tərəfindən xüsusi icazə verilən təyyarələrə şamil olunmur.

Qeyd edək ki, ölkə tərəfindən müntəzəm beynəlxalq uçuşlar 23 mart tarixindən dayandırılıb. Bununla belə may ayının 7-dən koronavirusla bağlı məhdudiyyətlər nəticəsində Hindistan və xarici ölkə vətəndaşlarının vətənə qaytarılması məqsədi daşıyan "Vande Bharat Mission” çərçivəsində beynəlxalq çarter uçuşları, iyul ayından etibarən isə 18 ölkə ilə "hava köpüyü” (air bubble) adlı ikitərəfli sazişlər çərçivəsində ayrı-ayrı təbəqələrə aid sərnişinlər daşınırdı.

Bundan əvvəl Hindistanda koronavirusa yoluxmaların bir qədər səngiməsi nəticəsində turistlərdən başqa, əcnəbilərə ölkəyə gəlmək icazəsi verilmişdi.

Qeyd edək ki, koronavirusa ümumi yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdə olan Hindistanda COVID-19-a indiyədək 8 milyona yaxın insan yoluxub, bunların 7,25 milyondan çoxu sağalıb. Hazırda müalicə olunanların sayı 610 mindən bir qədər artıqdır.



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM