Deputat: "Verdiyim bu sözləri hələ yerinə yetirə bilməmişəm"

17:36 | 27.11.2021
Deputat:

Deputat: "Verdiyim bu sözləri hələ yerinə yetirə bilməmişəm"

Anews.az-ın "Bizim qonaq" layihəsinin bu dəfəki qonağı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlidir. Millət vəkili ilə deputat seçildiyi Sumqayıtın problemləri və ölkə səhiyyəsinin durumunu müzakirə etdik. 
 
- Bir neçə gün öncə Sumqayıtın yaranmasının ildönümü oldu. SSRİ zamanında Bakıdan sonra üçüncü ən böyük şəhər sayılan Sumqayıt ekologiyasına görə ən təhlükəli ərazi hesab edilirdi. Hazırda burada hansı problemlər var və onları nə cür həll edirsiniz?

-  Sumqayıtın yaranmasından 72 il ötür. Sumqayıtın ilk mərhələdə inkişafına nəzər salsaq görərik ki, texnoloji proseslərə nəzarət olunmur, sürətli təminatla bağlı məsələlər ön plana çıxırdı. Nəticədə Sumqayıtda baş verən ekoloji problemlər özünü daha çox büruzə verdi. Bu dövrdə Sovet sisteminin tədricən dağılması sayəsində Sumqayıt daha başqa problemlə - kütləvi işsizlik problemi ilə üzləşdı.  Sovet respublikaları ilə sıx əməkdaşlıq nəticəsində Sumqayıt çox böyük istehsal potensialına malik şəhərə çevrilmişdi. Sonrakı dövrdə Sumqayıtın inkşafı, neft ölkəsinə yeni kapital axını sayəsində, xüsusilə prezident İlham Əliyevin ölkənin inkişaf planı üçün nəzərdə tutulmuş 2012-ci il sərəncamı burada yeni müəssisələrin yaradılmasına və inkişafına gətirib çıxardı. Bu dönəmdən sonra ölkənin digər rayonlarından əhalinin bir qismi Sumqayıta axın etdi. Birinci Qarabağ müharibəsi zamanı yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərin sayəsində əhalinin sayı 400 minə qədər artdı.  Əhalinin işlə təmin olunması istiqamətində mövcud  problemlər  də hələ həllini tam tapmayıb.İndi texnologiyalar daha az əməkqabiliyyəti tələb edir və məhsuldardır. Sumqayıt Kimya Sənaye və Texnologiyalar Parkına nəzər salsaq görərik ki, bu müəssisələr daha çox ixrac ilə məşğul olur. Buna Karbomid və Etilen-propilen zavodlarını misal göstərmək olar. Bu zavodlar Cənubi Amerika ölkələrinə də məhsul ixrac edir.  Hazırda 50-dən çox zavod fəaliyyət göstərir. Mən Sumqayıt və Xızının deputatı olduğum üçün deyərdim ki, oxşar problemlər Xızıda da var. Orada olan kənd təsərrüfatı və turizmin inkişafı, işsizliklə bağlı problemlər Sumqayıtın da  problemi hesab olunur. Xızıda kənd təsərrufatı sahəsində su təminatı kifayət qədər olmadığına üçün lazım olan məhsuldarlığı əldə etməkdə çətinlik yaranır. Xızı həm də dağlıq ərazi olduğuna görə burada heyvandarlıq sahəsinə də önəm verilir. Bu sahədə aqrokomplekslər kifayət qədər fəaliyyət göstərir. Lakin, inkişaf etməkdə olan digər ölkələrlə iqtisadi əlaqələr qurmaq üçün bu barədə ciddi addımlar atılmalıdır. Xüsusilə turizm inkişaf etdirilməlidir. Bu istiqamətdə infrastuktur sahəsinə ciddi nəzarət olunur. Qarabulaq, Tıxlı, Şorabad yolunun yenidən qurulması, Xızıya yeni yol çəkilməsi  və s. istiqamətdə mühüm işlər görülür. Şorabadda dəniz turizmi ilə bağlı skyboarding fəaliyyət göstərir ki, bu da əcnəbi vətəndaşları bura cəlb edir. Balıq ovunun, dəniz səyahətlərinin inkişafı, otelçilik sahəsinin genişləndirilməsi, ekoturuzm və s. bütün bunlar gələcəkdə turizm potensialını inkişaf etdirmək üçün əsas amillərdir. 

- Xalq içində "Semaşko" kimi tanınan və ən çox tənqid olunan 1 saylı Kliniki Mərkəzdə  bir il sanitar kimi çalışmısız.  Hətta ora kim sağ çıxsa ölü çıxır məsəli də var. Orada çalışan biri kimi sizcə o xəstəxanada nə kimi problemlər var?

-  Tibb Universitetinə imtahan verdim. Burada bal sistemi fərqli idi. Müalicə-profilaktika ixtisasına qəbul olunmaq üçün bütün imtahanlardan 4 qiymət alsam da, müsabiqədən keçə bilmədim. Müsabiqə üçün faiz nisbəti 30-70% aralığında limit qoyulmuşdu. İstehsalatda çalışan, Rayon-səhiyyə şöbələrinin göndərişinə əsasən gələn, medalla təltif olunmuş abituriyentlər 70% kvotaya aid edilirdilər, 30% kvotaya isə orta məktəbi yeni bitirmiş gənclərə tətbiq olunurdu. 70%-lik kvota üçün hansısa tibb müəssisəsində təcrübə keçmək, ən azı sanitar kimi fəaliyyət göstərmək vacib idi. Mən də səhiyyə ilə bağlı bilik və bacarıqları öyrənmək üçün "Semaşko" xəstəxanasının müdüriyyətinə  müraciət etdim. İşlə təmin olundum və sanitar kimi çalışmağa başladım. İkinci il isə Tibb Universitetinə yüksək balla qəbul oldum. 3-cü kursda tibb işçisi kimi yenidən eyni xəstəxanada işləməyə başladım. Gecə növbəsində çalışırdım, gündüzlər isə universitetdə təhsil alırdım. 

Oradakı problemlərin olmasına gəlincə isə səhiyyə  elə sistemdir ki, orada bütün insanları məmnun etmək çox çətindir. Başqa ölkələrdən fərqli olaraq bizdə sovet sistemindən sonrakı səhiyyə modelinə həmin dövrün düşüncə tərzi ilə yanaşılır. Bu süni yanaşma nəticəsində də səhiyyə sistemində olan bəzi mənfi cəhətlərin, inkişafdan qalmanın şahidi olduq. Digər ölkələrdə isə yeni səhiyyə modellərinə keçid daha sürətlə gedirdi.Müharibə də  səhiyyə islahatlarının bir qədər gec tətbiq edilməsinə səbəb oldu. Həkimlərin, tibb işçilərinin maaşının az olması, sovet dövründə olan bəzi neqativ halların mövcudluğu ,  maddi-texniki bazanın azlığı, səhiyyə kadrlarının formalaşdırılmasında bəzi problemlərin olması bu sistemdə mənfi halların yaranması üçün əsas amillərdəndir. Bu problemlərin aradan qaldırılması üçün ölkə rəhbərliyi səhiyyədə kardinal islahatlar keçirməyə başladı. Bu islahatların da kökündə icbari tibbi sığortanın tətbiqi dayanır. Bunu  mərhələli şəkildə etsək  nəticədə bu model sürətlə inkişaf edəcək.  Səhiyyəyə 1,7 milyard manat pul ayrılıb. Ayrılan vəsaitin səmərəli istifadəsi "Semaşko" xəstəxanasında olan problemlərı də həll ediləcək. 

- N saylı hərbi hissədə həkim və rəis işləmisiz. Müharibə zamanı könüllü həkim kimi iştirakınızla bağlı müraciət etdinizmi?

-Universiteti bitirdikdən sonra Türkiyədə tibb sahəsi üzrə təhsil almışam, eyni zamanda həkim kimi də fəaliyyət göstərmişəm. Sonra ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırıldım.Tərtərdə xidməti vəzifəmi yerinə yetirmək üçün vətənə döndüm. Orada tibb məntəqəsinin həkimi, tabor tibb məntəqəsinin rəisi, Talış, Ağdam və Ağdərə istiqamətində yerləşən tabor tibb məntəqəsinin rəisi kimi təkcə gənc əskərlərin xidmət etdiyi beşinci tabordan başqa, hər yerdə - ön xətdə, səngərdə, cəbhədə xidmət göstərdim.  Vətən müharibəsi dövründə Milli Məclisin deputatı idim.  Bu vəzifəyə seçilən şəxsin də hərbi xidmətə çağırılmaq hüququ yoxdur. Qardaşım hərbi xidmətə çağırıldığı zaman Ağdam, Bərdə, Füzuli və Beyləqan istiqamətində hüquq çərçivəsində yerli əhali ilə müəyyən söhbətlər aparmışam, bəzi tibbi xidmətlər göstərmişəm. Hal-hazırda da ayda bir-iki dəfə vətəndaşlıq borcumu yerinə yetirərək həmin bölgələrə səfər edirəm. 


-Fəaliyyətiniz dövründə həm də təcili tibbi yardımda çalışmısız. Xəstələrə zamanında çatmaması ilə bağlı çoxlu tənqidlərlə rastlaşırıq. Sizcə bu sistemdə nə dəyişməlidir? 

-Bu məsələ ilə bağlı bizə də müraciətlər olub. Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta Agentliyinə həmin şəxslərin müraciətləri barədə məlumat vermişik. Hətta Vətən müharibəsində iştirak etmiş şəxslər də bu barədə bizə müraciətlər edib. Tibb işçilərinin Vətən müharibəsinin iştirakçısı adını alması barədə də Milli Məclisdə məsələ qaldırılmışdı. Artıq, Nazirlər Kabinetində də bununla bağlı xeyli işlər görülür və  qərar da imzalanıb. Eləcə də Təcili yardım haqqında məsələ ilə bağlı müraciət etmişik. Bizə bildirilib ki, bu istiqamətdə araşdırma aparılır. Son bir ildə təcili tibbi yardımla bağlı qoyulan vəsait və alınan avadanlıqlar çox yüksək səviyyədədir. Xızı rayonuna yeni tibbi avadanlıqların gətirilməsi üçün İcbari Tibbi Sığorta Agentliyinə müraciət etmişdik. Bir ay ərzində Xızı rayonu  təcili tibbi yardım maşınları ilə təmin olundu. Sumqayıt da həmçinin 30-dan çox təcili tibbi yardım maşını ilə təmin olunub. Təcili tibbi yardım xidməti yenidən qurulmalıdır. Vətəndaşlarımız təcili tibbi yardıma yeri düşdü düşmədi müraciət edir.  Hətta hərarət 37.2 olanda belə təcili tibbi yardıma müraciət edirlər. Dünya ölkələri praktikasına nəzər salsaq görərik ki, təcili tibbi yardım xidməti çox bahalı xidmətdir. Qonşu dövlətlər Türkiyə, Rusiya və Avropa ölkələrində bu belədir. Bizdə hətta təcili tibbi yardıma ehtiyacı olmayanlar belə xəstəxanaya getmək üçün taksi xidməti kimi bu xidmətdən istifadə edir. 

Digər ölkələrdə təcili tibbi yardım xidmətlərində həkimlərdən demək olar ki, istifadə olunmur. Bunun üçün tibb işçiləri yetişdirilir. Bu yardımın eyni zamanda evdə icra olunması çağırışların artmasına səbəb olur. Koronavirus və postpandemiya dövründən əvvəlki çağırışları nəzərə alsaq bu sayın kifayət qədər artmasının şahidi olarıq. 

-Sumqayıtda uşaq xəstəxanasının həkimisiniz. Həm həkim işləmək, həm də parlamentdə deputat çalışmaq çətin deyil?

- Həkim kimi fəaliyyət göstərmək mənim üçün həyat stimuludur. Millət vəkili insanların problemlərinin həlli istiqamətində addımlar atmalıdır. Həkim isə hər bir insanın şəxsi problemlərinə yaxın olmalıdır. Bunun üçün insanlarla hər zaman təmasda olmalıyıq. Onlar hətta öz yaxın ailə üzvlərinə deyə bilmədiklərini bizə deyirlər. 

- Adətən peşəsindən bezən həkimlər  siyasətlə məşğul olur və ya deputatlığa meyllənirlər. Siz niyə deputat olmaq qərarına gəldiz?

- Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiyanın mənə göstərdiyi etimad deputat seçilməyimdə mühüm rolu olub. Sumqayıtda doğulub, böyüməyim və həkimlik fəaliyyəti ilə məşğul olmağım oranın əhalisi və seçicilərlə daha sıx təmasda olmağıma şərait yaradır. 

- Həkimlər icbari tibbi sığortaya keçəndən sonra gəlirlərində hər hansı dəyişikliyin olmamasından narazılıq edir. Sizə bu barədə narazılıq edənlər olubmu? Bu məsələ MM-də müzakirə oluna bilərmi?

- Qanuni heç bir cinayət xarakteri daşımayan və qanunvericiliyə uyğun şəkildə qazanılan maaş yan ödəmələr hesabına qazanılmış maaşdan daha üstündür. Bu da insanların daha rahat yaşamasına, özlərini təmin etməsinə şərait yaradır.Azərbaycan vətəndaşı onun sağlamlığını qoruyan insanları hər zaman müsbət qiymətləndirir. Bütün bunlarla  biz həmin fəaliyyətin şəffaf şəkildə ödənilməsinin mexanizminə doğru getməliyik. Ümumiyyətlə hər hansı sahədə aparılan islahatların ən vacib dövründə geriyə dönmək istəyi olur. Bəzi vətəndaşlar düşünür ki, bəlkə hər şey olduğu kimi qalsın.Lakin, bununla belə  bəzi çətinliklərə baxmayaraq biz bu yolda addımlar atmalıyıq.

- Azərbaycanda həkimlər əsasən xəstənin əlinə baxır. Bir sözlə Hipokrad andını pozmalı olurlar. Bəs Siz nə vaxtsa  bu andı pozmusunuzmu?

- Bu andı pozmamaq üçün daima çalışmışam və düşünürəm ki, öhdəsindən də gəlmişəm.  Hər bir insan kimi mənim də həyatımda səhv addımlar olub. Zamanla bütün bu mənfi hallarla mübarizə apararaq səhvimi düzəltmişəm. İnsanların sağlamlığı ilə bağlı məsələdə hər zaman qərəzsiz olmağa çalışmışam. 

- Rüşvət alma halları səhiyyədə də problem olaraq qalır. Eşidirik ki, adi tibb baçısı vəzifəsinə gəlmək üçün rüşvət tələb edilir.  Sizcə bu rüşvətlə necə mübarizə aparılmalıdır? 
 
- İcbari tibbi sığorta düzgün şəkildə tətbiq olunarsa bu kifayət qədər vəsaitlərin şəffaf təmin olunmasına gətirib çıxarar. Koronavirus xəstəliyi zamanı həkimlərin və tibb işçilərinin xəstələrdən nəsə tələb etmə halları demək olar ki, müşahidə olunmurdu. Yüksək maaş alan tibb işçiləri və həkimlər də var idi ki, onlar öz işlərini can-başla görüblər. Səhiyyə xidmətində hərbi sahədə kifayət qədər maaş təminatı var. Bəzi kifayət qədər maaş alan tibb işçiləri də var ki, onlar mənfi hallara yol verir. Bu fərdlərlə əlaqəli məsələdir.Dünyanın hər yerində bu cür mənfi hallar baş verir. İcbari tibbi sığortanın tərəfdarı olmağımın səbəbi də odur ki, həm səhiyyəni idarə edən personal, səhiyyə menecerləri və səhiyyə təcrübəsində iştirak edənlər burada kifayət qədər vəsaiti əldə edə bilərlər. Pilot lahiyə müddətində hətta 6000-7000 manat vəsait alan şəxslər də olub. 


- Azərbaycanda səhiyyə ilə faktiki 3 qurum məşğul olur. Səhiyyə Nazirliyi, TƏBİB və qismən İcbari tibbi sığorta.   İnsanlar müraciət edəndə çaşırlar. Qurumlar problemləri bir birinin üztünə atır. Yaxşı olmazmı ki səhiyyə ilə  bütün dünyada olduğu kimi bir qurum məşğul olsun? Əgər haradasa belə bir uğurlu modelin olduğunu bilirsizsə lütfən nümunə gətirin. 


-Polşa və Skandinaviya ölkələrinin səhiyyəsinə diqqət yetirsək görərik ki, Səhiyyə Nazirliyi orada sırf tənzimləyici protokolların və müalicə sisteminin sistemləşdirilməsi ilə məşğuldur.Sadəcə ümumi səhiyyə siyasətini həyata keçirən qurumdur. Konkret praktiki səhiyyə ilə müvafiq təşkilatlar məşğul olur. Rusiya praktikasına nəzər yetirsək orada icbari tibbi sığortanı həyata keçirən fondların maliyyələşmə ilə, Səhiyyə Nazirliyinin isə  səhiyyə xidmətinin təşkili ilə məşğul olduğunu görə bilərik. Türkiyə səhiyyəsinə nəzər salsaq burada da dövlət, özəl, universitetlərə və sosial güvənlik qurumuna məxsus xəstəxanaların olduğunu görə bilərik. Sosial güvənlik qurumunun xəstəxanaları Səhiyyə Nazirliyinə tabe deyil. Qurumun sığorta ödənişlərinin yığılması  hesabına fəaliyyət göstərir. Sığortası olan şəxs gələcəkdə xəstəxana seçimində də azad olacaq. Sığorta payını almaq üçün özəl xəstəxanalar arasında rəqabət gedir.  Əlavə payı almaq üçün xəstəxanaya sığortası olan şəxslərin müraciətinin sayı artır və xəstəxana daha çox vəsait qazanır. Gələcək üçün nəzərdə tutulan strateji vəziyyət belədir. Lakin, indiki dövrdə çox yüksək səviyyədə inkişaf etmiş özəl qurumlarımız olsa da onlar sadaladığımız xidmətlərin hər birini icra edə bilmir. Dövlət xəstəxanalarının isə maddi-texniki bazası bu rəqabət modelində əhaliyə tibbi xidmət göstərilməsinə o qədər də uyğun deyil. 
 
İcbari Tibbi Sığorta Agentliyi vəsaitləri toplayır və yığılan vəsaitlər hesabına səhiyyənin modernizasiyasını və səhiyyə müəssisələrinin fəaliyyətini təmin etməyə nəzarət edir. Göstərilən xidmətlərin hesabına da maliyyələşdirməni artırmaq mümükündür. Səhiyyə Nazirliyi səhiyyə siyasətini, yeni səhiyyə infrastrukturunun qurulmasını və bir növ müalicəyə həm istiqamətverici, həm də müəyyən qədər nəzarətedici funksiyaları əlində cəmləşdirir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi isə sırf həmin qurumlarda tibbi xidmət göstərən təşkilatdır. Burada səhiyyə siyasəti, səhiyyənin maliyyələşdirilməsi və səhiyyə xidmətinin göstərilməsi işi toplanıb. Əslində, göstərilən bütün xidmətlər İcbari Tibbi Sığorta Agentliyində cəmlənib. Tibbi xidmətlər və maliyyələşmə sferasında isə zaman keçdikcə fərqli addımlar atıla bilər. Yeni səhiyyə sisteminə keçid üçün bu sahədə irəli addımlar atmalıyıq ki,  geriləmələr olmasın. Əks halda biz yenidən status-kvoya səhiyyə sisteminə geri qayıtmış olarıq. Bu da arzuolunan hal deyil. "Semaşko" modeli ilə sərbəst bazar iqtisadiyyatında səhiyyəni inkişaf etdirmək qeyri-mümkündür. 


- Buradan belə aydın olur ki, gələcəkdə Səhiyyə Nazirliyinin səlahiyyətləri azalacaq?...

- Səhiyyə Nazirliyi səhiyyə siyasətinə nəzarət edən qurumdur. Biz bu mövzuda daha çox sərbəst iqtisadi modelə nəzər salmalıyıq. 

- Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə baxsaq görərik ki, ölkədən müalicə almağa gedənlər gələnlərdən dəfələrlə çoxdur. Sizcə buna səbəb nədir - qiymətlər, həkimlərə inamsızlıq, qeyri peşəkarlıq? 

-Digər ölkələrdə olan özəl klinikalardakı qiymətlər bizdə fəaliyyət göstərən özəl klinikaların qiymətlərindən ucuzdur. Müəyyən iqtisadi, siyasi çalxalanmalardan sonra qonşu ölkələrdə valyutaların dəyərdən düşməsi göstərilən xidmətlərin dollar və euro baxımından aşağı düşməsinə səbəb olub. 
2000-2001-ci ildə Türkiyədə yaşayarkən SSK-da (Sosial Sığortalar Qurumu)  xəstəxanasında çalışırdım. Məhz bu xəstəxanada müalicə almaq üçün 10 gün növbə gözləyən adamlar var idi. Digər bölgələrdən gələn insanlar xəstəxana koridorunda gecələyirdilər. İstanbulda indiki dövrdə fəaliyyət göstərən xəstəxanaların iş rejiminə, xidmət səviyyəsinə və s. diqqət yetirsək sığorta hesabına nələr etməyin mümkün olduğunu görə bilərik. Azərbaycanda da keçmiş dövrlə müqayisədə səhiyyə sahəsində irəliləyişlər olduğunun şahidi oluruq.  Bizdə Türkiyənin səhiyyə sistemində o dövrdə olan bu və buna bənzər hallar yaşanmayıb. Bölgələrimizdə fəaliyyət göstərən xəstəxanalara baxsaq görərik ki, infrastruktur baxımından xeyli irəlidəyik. İdarəetmə səviyyəsini də atrırsaq daha mükəmməl nəticələr əldə edə bilərik. 

- Bu sahədə insanların xarici ölkələrə üz tutmaması üçün hansı işlər görülməlidir?

- Xidmətləri yaxşılaşdırmalıyıq ki, xarici ölkələrə gedənlərin sayı azalsın. 

- Məmurların çoxu müalicə üçün xaricə gedir. Məsələn elə millət vəkillərindən Evda Abramov, nazir Azad Rəhimov xaricdə müalicəyə üstünlük vermişdilər.  Maraqlıdır niyə? Yerli səhiyyə kasıblar üçündür?

- Ümumiyyətlə müstəqil dövlətçilik prinsiplərinin formalaşması müəyyən zaman tələb edir. Türkiyə prezidenti Mustafa Kamal Atatürkün belə bir sitatı var. "Məni türk həkimlərinə əmanət edin”. Hər bir insanın özünə harda xidmət göstəriləcəyi barədə fikrinə anlayış göstərmək lazımdır. Burda təkcə dövlət adamları və məmurlardan söhbət getmir. Sıravi vətəndaşlar da bura aiddir. Sən tibbi xidməti yüksək səviyyədə göstərə bildikdən sonra heç kim heç hara getməyəcək. Buna görə tibbi xidmətin səviyyəsini inkişaf etmiş ölkələrin xidmət səviyyəsinə çatdırmalıyıq. 

-Siz xəstələnsəz Azərbaycanda müalicə olunarsız , ya xaricdə? 

-Həmişə Azərbaycanda müalicə olunmuşam və bunun üçün heç bir xarici ölkəyə getməmişəm. Yalnız, Türkiyədə yaşadığım müddətdə müəyyən analiz və müayinələr üçün müraciət etmişəm. Amma sağlamlığımda ümumiyyətlə elə bir ciddi problem olmayıb. Sumqayıtın tibb müəssisəsində hər üç doza üzrə peyvənd olunmuşam. 


- Tibbi praktikada uşaqların da peyvənd olunması məsləhət görülür. Siz uşaqların peyvənd olunmasının nə dərəcədə vacib hesab edirsiniz?


- Uşaqlar üzərində dördüncü faza üzərində tibbi çalışmalar olunduqdan sonra onların peyvəndlənməsinin tərəfdarıyam. Yəni, hər hansısa uşaq peyvənd olunmamışdan əvvəl hansı fəsadlarla nəticələnəcəyi əvvəlcədən müəyyən olunmalıdır. 

- Dövlət və özəl xəstəxanaların qiymətlərində xeyli fərq müşahidə olunur. Dövlət xəstəxanalarında sizcə nə kimi çatışmazlıqlar qalmaqdadır? 


-İlk olaraq özəl strukturun nə üçün yaradılmasına nəzər salmalıyıq. Bu sektor ona görə yaradılır ki, dövlət sektorunda çatışmayan xidmətlərin servis səviyyəsini özəl klinikalar ödəsin. Özəl sektorun yaradılmasının məqsədi bundan ibarətdir. Dövlət sektorunun yaranmasının əsas məqsədi ondan ibarətdir ki, dövlət vətəndaşın müraciətlərini təmin etsin. Bir çox ölkələrdə dövlət modelinə baxdıqda özəldən geri qalmasını görürük. Dövlət xəstəxanalarında rəqabət mühitinin daha rahat olması, burada çalışan işçilərin daha çox güvəndə olması səbəb ola bilər. Bütün bunlar onu göstərir ki, dövlət xidmətlə və iqtisadiyyatla minimum şəkildə məşğul olmalıdır. Dövlət xidmətləri minimuma endirilməlidir. Dövlət tərəfindən nəzarətə götürülmüş xidmətlərin sayı çox olmalıdır və bunu qarantiya olaraq öz üzərinə götürür. Lakin, xidmətləri həyata keçirtmək özəl və digər mülkiyyət strukturları arasında paylaşıldıqda, rəqabətyönümlü yanaşma olduqda daha effektiv olur. Bu baxımdan icbari tibbi sığortanın yaradılmasını dövlətin dəstəklədiyi rəqabət apara biləcək strukturların formalaşdırılmasında görürəm. Tədricən dövlətin xidmət sferasından uzaqlaşmasını qarşıya qoyduğu strateji məqsəd olaraq görə bilərik. Nəticədə bu sahədə həm xidmətin, həm də keyfiyyətin artmasını görə bilərik. 


-Bu günə qədər seçicilərinizin hansı vədlərini yerinə yetirməmisiniz?

-Hacı Zeynalabdin Tağıyev qəsəbəsində gənclərin asudə vaxtının təşkili üçün idman kompleksinin yaradılması, eləcə də Xızı rayonu istiqamətində narkomoniyaya qarşı mübarizənin aparılmasında müəyyən tədbirlərin görülməsi ilə bağlı məsələlər hələ tam həllini tapmayıb. Polis strukturu, məktəblər, qeyri-hökümət təşkilatları və s. qurumlarla, seçicilərlə bu mövzuda müzakirələr keçirilib, bir çox işlər görülüb, lakin, tam istədiyimiz nəticəni əldə edə bilməmişik. Sumqayıtda ekologiya ilə bağlı məsələlər barəsində də çalışacağıq ki, müəyyən işlər görə bilək. Tullantıların Emalı Müəssisəsinin qurulması və tullantıların daşınması poliqonundakı çatışmazlıqların aradan qaldırılması məsələsində də bir sıra addımlar atılacaq. Sumqayıtda müəssisələrdə yerli sakinlərin çalışmasına üstünlük verilməsi məsələsinə də baxılacaq. Sumqayıt sakinlərinin elmi potensialından yararlanma istəyi hələ yüksək səviyyədə deyil. Bunu həm "Azərkimya”-nın, həm də "SOCAR”-ın nəzdində fəaliyyət göstərən digər özəl müəssisələrin diqqətinə çatdırır, bu istiqamətdə çoxlu təkliflər irəli sürürük. Sumqayıtda və Xızıda turizmin iqtisadi baxımdan canlandırılması istiqamətində effektiv nəticələr əldə edə bilməsək də bu istiqamətdə çalışmağa davam edirik. Bu barədə təkliflər vermişik və bu təkliflər yazılı şəkildə qəbul olunub.
 
İSTİQAMƏT:6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 


Gülnar Nazimqızı
Şafa Sultanzadə
Fidan Salmanova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM