2022-ci ildə təhsil üçün ayrılan pul necə xərclənməlidir? - TƏHLİL

12:29 | 01.03.2022
2022-ci ildə təhsil üçün ayrılan pul necə xərclənməlidir? - TƏHLİL

2022-ci ildə təhsil üçün ayrılan pul necə xərclənməlidir? - TƏHLİL

Təhsil Nazirliyi ayrılan pulun miqdarını açıqlayır, amma hansı istiqamətlərdə xərcləndiyi barədə məlumatlar kasaddır, bu sözləri Anews.az-a müsahibəsində Azərbaycan universitetlərinin birinin 4-cü kursunda təhsil alan Renat Nağıyev  deyib.
 
2022-ci  ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.  Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 90 milyon 153 min  867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3  milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 15 min  701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195  milyon 256  min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Renat Nağıyevin sözlərinə görə, ali təhsilə  hər il təqribən 60 milyona yaxın pul ayrılsa da,  oxuduğu 4 il müddətində heç bir dəyişiklik ilə qarşılaşmayıb.
 
"Məsələnin kökü bağçadan başlayır. Dövlət bağçaları pulsuz deyirlər. Amma istər-istəməz insanın ödənişi çıxır. Əks halda çox yerdə uşağa yaxşı baxmırlar. Balaca qardaşım bağçadan gələndə "hər gün makaron yeyirəm" deyirdi. Bağçalara ayrılan pulun miqdarı artmalı və düzgün xərclənməsinə nəzarət edilməlidir. Uşaqlar yaxşı qidalanmalı, ən azından ayda 1 dəfə bağça psixoloqu onlarla profilaktik söhbət aparmalıdır. Məntiq artırmağa yönəlik oyuncaqlar, kitablar alınmalıdır. Sonra ibtidai sinif dövrü başlayır. Uşaqlara  bütün dərslər yüksək səviyyədə keçilmir. Bunun kökü müəllimlərin aşağı maaşına dayanır. Rayonlarda təhsil müəssisələrinin vəziyyətinin pis olması da dərslərin keçilməz səviyyəsinə mənfi təsir edir.  Bəzi azyaşlılar qışda soyuq sinif otağında xəstələnir, bəziləri isə maddi durumuna görə təhsildən yayınır. Hansı ki nazirlik səviyyəsində bütün azyaşlılara yardım edilə bilər. Məktəb formaları bahadır.  Qiyməti azaldılsa və ya məktəb özü ən azı 1 dəfə forma ilə təmin etsə yaxşı olar. Tələbələrin təqaüdü çox aşağıdır. Onlara nazirliyin təşəbbüsü ilə ictimai nəqliyyat pulsuz  və ya güzəştli ola bilər. Universitetlərə pul ayrılır, amma tədrisinin təşkili aşağı səviyyədədir", deyə Nağıyev bildirdi.
 
Onun sözlərinə görə, sadaladığı problemlər nazirliyinin ayırdığı məbləğ ilə həll oluna bilər.

"Nazirliyə ayrılan pullar az deyil. Amma problemlər qaldıqca qalır.  Kimsə nazirliyin səlahiyyətli şəxslərinə pulun necə xərclənməli olduğunu  deməlidir. Nəzərə alaq ki, təhsildən hamı narazıdır və fəsadlarını insanların çoxu çəkir. Təhsil Nazirliyindən hesabat istəyəndə, yalnız "hər ilin sonu bunu açıqlayırıq" deyirlər. Amma deyilmir ki, filan qədər məbləğ ilə filan məktəbdə filan iş görüldü. Bizim bunları bilmək haqqımız var", - deyə o bildirdi.
 
Bəs, təhsil ekspertləri ayrılan məbləğin hansı istiqamətlərdə  xərclənməlidi olduğunu düşünür? 
 
Elçin Əfəndi ayrılan vəsaitin müəyyən qisminin distant təhsilə xərclənilməli olduğunu bildirib.

"Bir milyard manat köhnə məktəblərin yenidən tikilməsi üçün və s. məsələlərə ayrılıb. Məktəblərin təmiri vacibdir.  Ayrılan vəsaitin bir qismini  distant təhsil üçün xərcləməyi nəzərdə tutmalıyıq. Çünki pandemiya dönəmində distant təhsillə bağlı çətinliklər gördük. Buna görə də, auditoriyalarda informasiya texnologiya alətləri quraşdırılmalı, imkan varsa, təhsil alan və verən şəxslərin də müasir texnoloji avadanlıqlarla təchizinə şərait yaradılmalıdır. Müəllimlərin əməkhaqqının da çoxaldılması yaxşı olar", - deyə ekspert söylədi.

Təhsil eksperti Kamran Əsədov söylədi ki, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin, bu sahədə daha ciddi islahatlara ehtiyac var.
 
"Faktiki olaraq təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etməsini azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki, müəllimlər təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onlardan keyfiyyət tələb etmək mümkün deyil. Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac var. Bundan başqa ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı şəffaflıq yoxdur. Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diqtəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə anoloji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb", - deyə ekspert bildirdi.

Əsədov xarici ölkə təcrübəsindən də söz açdı.

"Dünya təcrübəsindən missal olaraq Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur. Türkiyə demişkən, bu ölkənin 2022-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18 faizi təhsilə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10 faiz ətrafındadır və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25 faizi universitetlərə gedəcək. Bizdə isə 9 faizdən azdır. Türkiyədə gələnilki cəmi büdcə xərclərinin 5 faizi ali təhsilə gedir, bizdə isə bu göstərici 1,5 faiz ətrafındadır. Hesab edirəm ki, büdcədən elmə, elmi tədqiqatlara daha çox vəsait ayrılmalıdır. Bundan başqa gənclərin elmə gəlməsi üçün stimullaşdırıcı təsbirlərin əhatəsi genişləndirilməlidir. Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir.

Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Bir məqamı da qeyd edim ki,  Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir. Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur", - Kamran Əsədov bildirdi.
 
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, cari il üçün ayrılan məbləğin artırılması təhsildə müsbət dəyişikliklər edəcək.

"2022-ci ildə təhsilə ayrılan maliyyə vəsaitinin artırılması onu göstərir ki, , Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafını hər zaman xüsusi diqqətdə saxlayır. Növbəti tədris ili üçün dövlət sifarişi ilə oxuyan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulur. Bununla da sözügedən tələbələrin sayı  110 min 834 nəfərə çatacaq. Həmçinin, xüsusi təhsilə cəlb olunan şagirdlərin xərclərinin dövlət tərəfindən qarşılanması üçün 2 dəfə artıq vəsait ayrılması planlaşdırılır. Gənc mütəxəssislərin kənd yerlərində ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onlara kirayə və kommunal xərclərlə əlaqədar verilən kompensasiyaların məbləği isə 50 faiz artırılır.Eyni zamanda, ümumtəhsil məktəblərinin şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi və texniki vəsaitlərin alınması üçün isə 21 milyon manat və ya cari illə müqayisədə 2 milyon manat çox, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün isə 38 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur", -deyə deputat vurğulayıb.
 
Xatırlatma:  

2021-ci ilin dövlət büdcəsindən təhsil xərclərinə 3277,7 milyon manat vəsait ayrılıb ki,, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manat və ya 49,5 faiz çoxdur.2021-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,5 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci ilə nisbətən 0,5 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,3 faiz olacaqdır ki, bu da 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1,6 faiz-bənd çoxdur. Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz-bənd, natural ifadədə isə 1523,3 milyon manat və ya 86,8 faiz artıb.

Təhsil Nazirliyi ilə əlaqə saxlayıb 2021-ci ilin hesabatını öyrənmək istəsək də, əlaqə yarada bilmədik.

Yenə də, 2022-ci ildə Təhsil Nazirliyinin ayrılan pulu düzgün xərcləyib və hesabat verəcəyini ümid edirik. Çünki istənilən sahədə düzəlişin başlanğıcı yaxşı təhsildir. Düzgün təhsil diləyi ilə..
 
Ləman Qasımova
 
İSTİQAMƏT:6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM