2023-cü ildə “Azərkosmos”un peyk istismarından gəlirləri azalıb

18:58 | 31.01.2024
2023-cü ildə “Azərkosmos”un peyk istismarından  gəlirləri azalıb

2023-cü ildə “Azərkosmos”un peyk istismarından gəlirləri azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2023-cü ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 19,8 milyon dollar təşkil edib.

 2022-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 26,6 milyon dollar olub, beləliklə, 2023-cü ildə bu gəlirlərin həcmi 25,6 faiz azalıb.

Eyni zamanda, şirkətin bütün gəlirlərinin 78%-i telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. Hesabat dövründə şirkətin xidmətlərinin əsas həcmi Böyük Britaniya (5,8 milyon dollar), Lüksemburq (4,1 milyon dollar), BƏƏ (1,6 milyon dollar), Almaniya (1 milyon dollar) və Nigeriyadan (724,9 min dollar) gəlib.

Dekabrda "Azərkosmos” 1,8 milyon dollar dəyərində bu xidmətləri 45 ölkəyə ixrac edib.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasında – İF) orbitə buraxılıb.

2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”a verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə buraxılıb. 2023-cü ilin aprelində "Azersky” peyki planlaşdırılmış vaxtdan bir il əvvəl missiyasını dayandırıb.

2018-ci ilin sentyabrında Azərbaycan Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM