Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
XİN-in açıqlamasında vurğulanır ki, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.
"Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı "etnik təmizləmə” və "soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir", - qeyd olunub.
Nazirlik vurğulayır ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !