Hüquq müdafiəçisi əfv fərmanından narazıdır - ŞƏRH

21:37 | 09.05.2023
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə imzalanmış   əfv sərəncamının icrasının mayın 10-dək bitəcəyi planlaşdırılır. Bu barədə penitensiar xidmət məlumat verib. 
 
Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

 
Hüquq müdafiəçisi Rüfət Səfərov bu dəfəki Əhv Sərəncamının ədalətli olmadığını və gözləntiləri doğrultmadığını bildirib.
 
"Ümid edirdim ki, bu il Heydər Əliyevin 100 illiyi ilə bağlı  Əfv Sərəncamlarında əvvəlki illərlə müqayisədə müsbət bir irəliləyiş olacaq. Təəssüf ki, bu olmadı. İki tanınmış siyasi məhbus azadlığa buraxıldı. Onlardan biri Vətəndaş və İnkişaf Partiyasının Sədri Əli Əliyev, digəri hüquq müdafiəçisi Elçin Məmməddir. Tərtər işi üzrə hazırki Əhv Sərəncamının hüququ təsiri 4 nəfərə, Gəncə işi üzrə isə 2 nəfərə şamil olunub. İnsanlıq naminə bütün dustaqların və məhkumların qapısının açılmasını arzu edərdik. Amma heç bir təqsiri olmayan və siyasi tətbiq altında olan insanların azadlığa buraxılması prioritetdir. Çünki onların ictimai təhlükəli hərəkətləri olmayıb", - hüquq müdafiəçisi bildirib.
 
Rüfət Səfərov deyib ki, hal-hazırda vətəndaş cəmiyyəti, etirazçı təbəqə və hüquq müdafiəçiləri hakimiyyətin hüquq siyasətinə təsir edə bilmir.
 
"Beynəlxalq təşkilatlar, siyasi güc mərkəzləri də susur. Hakimiyyət kimi və nə zaman, hansı müddətə həbs edəcəyini özünün müstəsna hüququ bilir. Mən omonçuları xüsusilə qeyd etmək istəyirəm. Bu adamlar 27 ildən artıqdır ki, həbsdədir. Qanuni olaraq cəza müddətinin bitməsinə 8 ay qalmış MTN zabiti Azər Mehdiyevi azadlığa buraxdılar. Amma Tərtər işi üzrə mühüm araşdırmalar aparan Abid Qafarovun qanunsuz həbs müddətinin bitməsinə iki ay qaldığı halda azadlığa buraxılmadı. Cəbhəçilərdən Niyaməddin Əhmədov, jurnalist, siyasi məhbus Polad Aslanov bu siyahıya düşmədi. Bir çoxunun adını çəkə bilərik. Azərbaycan hakimiyyəti siyasi, hüquqi addımlara hazır deyil və az da olsa bu vəziyyətin düzəlməsinə maraq göstərmir. Biz bu gün söz, fikir, mətbuat  azadlığına görə, Əfqanıstanla müqayisə oluna biləcək səviyyədəyik",  - Səfərov deyib.
 
O, həmçinin əlavə edib ki, Nardaran işi üzrə həbs olunan siyasi məhbuslar tamamilə günahsızdırlar.
 
"Nardaran işi üzrə mərkəzi fiqur Hacı Taleh Bağırzadədir. "Amnesty İnternational" onu vijdan məhbusu kimi tanıyır. Ümumiyyətlə Nardaran işi üzrə saxlanılan şəxslər nəinki siyasi məhbus, o cümlədən vijdan məhbusu sayılırlar. Onların İrana bağlı olması məhkəmə qaydasında sübuta yetirilməyib. Məhkəmələrdə istintaq aparılarkən hətta dövlətə xəyanət, cəsusluq ittihamları belə yox idi. Kimsə İrana gedirsə, orada təhsil alırsa bu həmin şəxsin İran hüquq mühafizə orqanlarına bağlılığına dəlalət etmir”, - Səfərov bildirib.
 
Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə, müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı hesab olunur. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi.
 
Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.
 
Azərbaycan hakim dairələrinin təmsilçiləri Azərbaycanda siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri qeyd edir ki, həsbdə olan hər kəs törətdiyi əmələ görə azadlıqdan məhrum edilib və bu həbslərin arxasında hər hansı siyasi motiv  yoxdur. 

Eltac Nurullazadə
 
 
 
 
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb