Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb

13:00 | 11.12.2023
Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb

Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr - 10 dekabr) məlumatında deyilir.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
2020-ci il noyabrın 10-dan bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dekabrın 6-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumda çıxışında bildirib.
 
2020-ci ilin noyabrından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
 
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısında millət vəkili Vüqar Bayramov təklif edib ki, Qarabağda minaların təmizlənməsində kosmos texnologiyaların istifadə olunsun.
 
Cari ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM