Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə cavab verib.
Nazirlik rəsmisi Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklifinə geniş cavab verib.
"Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir. Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !