Ölkəyə idxal edilən buğdanın həcmi azalıb

12:23 | 16.10.2024
Ölkəyə idxal edilən buğdanın həcmi azalıb

Ölkəyə idxal edilən buğdanın həcmi azalıb

2024-cü ilin doqquz ayında ölkəyə 758 956 ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 
 
İdxal olunan buğdanın dəyəri 166 milyon 453 min ABŞ dollar olub. 
 
Buğdanın idxaldan asılılığını azaltmaq məqsədilə işğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü il üçün 84,4 min hektar ərazidə payızlıq taxıl əkilib. 
 
Nazirlər Kabinetinin tapşırığna əsasən faktiki əkin işləri aparılmış təxminən 20 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. 
 
Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 
Gülnar Nazimqızı  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM