Qırmızı Xaç Komitəsinin minaya düşən şəxslərə verilən 300 manatlıq dəstək layihəsinin müddəti 2024-cü ilin iyununda bitib. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova anews.az-ın sorğusuna cavabında bildirib.
"Layihələrimiz adətən müəyyən bir zamana qədər olur. Minadan zərərçəkənlərlə bağlı olan maddi dəstək layihəmiz də belə layihələrdən biri idi. Bu layihəni daha çox 2020-ci ildə icra etmişik. Layihə 2024-cü ilin iyununda bitib. Hazırda layihənin davam etdirilməsi məsələsi müzakirə edilmir", - Hüseynova bildirib.
Bundan əvvəl Minadan Zərərçəkənlər Asosasiyasının sədri Rey Kərimoğlu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin oktyabrın 24-də "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dinləmə zamanı Qırmızı Xaç Komitəsinin minadan zərərçəkənlərə yardımı naməlum səbəbdən dayandırıldığını bildirib.
Qırmızı Xaç Komitəsi tərəfindən mina qurbanlarına edilən yardımın müddəti altı ay nəzərdə tutulub və onun dayandırılması başa düşüləndir.
ANAMA məlumatına görə, Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12% minalarla ciddi şəkildə çirkləndirilib.
İndiyə qədər 3400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib.
Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır. Burada əsas problem Ermənistanın basdırdığı minaların xəritələrini təqdim etməməsidir.
Hazırda 140 min hektara qədər sahə hərbi sursatlar və minalardan təmizlənib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !