Bu gün elm və təhsil naziri Emin Əmrullayev Suraxanı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlar və yaxın gələcək üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların müntəzəm olaraq davam etdirildiyini vurğulayıb, eyni zamanda ümumi təhsil müəssisələrinin idarəolunmasında məktəb rəhbərlərinin rolunun və məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə nazir məktəb və müəllim nüfuzunun artırılmasının önəminə diqqət çəkib, məktəb direktorları və müəllimlərin cəmiyyətdə daha yüksək statusa malik olmasının mühümlüyünü nəzərə çatdırıb.
Emin Əmrullayev məktəblərdə neqativ halların qarşısının alınması və daha sağlam təhsil mühitinin yaradılmasının zəruriliyini bildirərək bu istiqamətdə məktəb rəhbərlərinə müvafiq tövsiyələrini verib. Nazir məktəb-icma və müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsil prosesinin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Daha sonra nazir təhsil müəssisələrində psixoloji xidmət işinin inkişaf etdirilməsi, elektron xidmətlərin daha geniş tətbiqi, təlim nəticələrinin təhlili və bu istiqamətdə planların hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüş çərçivəsində məktəb direktorları müxtəlif təkliflərlə çıxış ediblər, təhsilin inkişafı və məktəblərin idarə edilməsindəki mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !