“Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Metropoliteninin stansiyalarında ticarət köşklərinin götürülməsi ilə bağlı keçirdiyi tədbirlərdə hər hansı insident qeydə alınmayıb”.Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib. Ə. Bağırov deyib ki, metronun 21 stansiyasında ticarət artıq dayandırılıb: “Hazırda metronun “Nəriman Nərimanov”, “Memar Əcəmi” və “Neftçilər” stansiyalarında köşklərin yığışdırılması prosesi davam etdirilir, “Xalqlar Dostluğu” və “İnşaatçılar” stansiyalarında isə işlər günün sonuna qədər başa çatdırılacaq”. Ticarət obyektləri sahiblərin BŞİH tərəfindən təklif olunan ticarət mərkəzlərinə köçürülməsi məsələsinə toxunan Ə.Bağırov qeyd edib ki, artıq bir çox sahibkarlar həmin ticarət mərkəzlərinə köçüb və onlara köməklik edilir: “Əvvəllər də qeyd olunduğu kimi, onlardan 3 ay ərzində dövlət rüsumu götürülməyəcək”. Qeyd edək ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək. BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara “Amay” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Qeyd edək ki, Bakı Metropolitenində ümumilikdə 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !