Bakı Metropoliteni hazırda yenidən qurulan «28 May» stansiyasında təmir işlərini davam etdirir.Metropolitendən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda vestibülün mərmər-qranit təbəqəsi döşənir. Eyni zamanda elektrik sistemləri üzərində də iş gedir. Bu mərhələdən sonra avadanlıqların quraşdırılmasına başlanacaq. Məlumata görə, metro stansiyasında tikinti işlərinin Novruz bayramına qədər yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, stansiyada tələbat nəzərə alınaraq, 10 keçid aparatı qoyulacaq. Yaxın vaxtlarda isə metro stansiyasının tavanının işıqlandırması işləri bitəcək. Bundan sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara start veriləcək. Xatırladaq ki, «28 May» metro stansiyasının təmirinə keçən il başlanıb. Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər əsas çıxış, ikinci çıxış, eləcə də «Cəfər Cabbarlı» stansiyasının çıxışından da istifadə edirlər. Təmir işləri çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək, eyni zamanda onların sayı 3-dən 4-ə çatdırılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !