28 nəfərə "günvurma" diaqnozu qoyulub - Günvurmadan necə qorunmalı? - AÇIQLAMA

09:33 | 06.08.2019
28 nəfərə

28 nəfərə "günvurma" diaqnozu qoyulub - Günvurmadan necə qorunmalı? - AÇIQLAMA

Yay fəsli ölkəmizə daxil olandan  havaların temperaturu da yüksəlib. Stabil olmayan hava şəraiti və bunun da fonunda anormal istilər bir çox problemlərə yol açır.

Səhiyyə Nazirliyindən anews.az-a verilən məlumata görə, yay başlayandan avqust ayınadək 28 nəfər gün vurma ilə bağlı təcili tibbi yardıma müraciət edib.

Onlardan 18 nəfəri hospitalizasiya edilib, qalanlarına elə yerindəcə yardım göstərilib. Günvurma diaqnozu qoyulanların 3-ü uşaqdır.

Günvurma halları ötən ilə nisbətən azdır, bu da havaların ötən ilə nisbətən sərin keçməsi ilə əlaqədardır.

Təcili Tibbi Yardım İdarəsinin baş həkiminin müaclicə işləri üzrə müavini İradə Əliyeva deyir ki, günvurmadan qorunmaq üçün, insanlar bəzi təfbirlər görməlidirlər.

Onun sözlərinə görə, saat 11 və 5 arasında insanların günəş şüalarının çox olduğu yerlərə çıxmaqları məsləhət deyil.

"Saat 11 və 5 arasında insanların günəş şüalarının çox olduğu yerlərə çıxmaqları məsləhət deyil. Lakin, çox vacib iş olduğu təqdirdə çıxa bilərlər, bu halda da baş örtüklərindən, çətirlərdən istifadə etmələri vacibdir. Çoxlu su qəbul etsinlər və daha çox miniral sulara üstünlük versinlər. Günvurma halları daha çox yaşlı insanlarda və azyaşlı uşaqlarda olduğu üçün, onlar tövsiyyələrə daha həssas yanaşmalıdırlar”, - deyə baş həkimin müavini bildirib.

İradə Əliyeva deyir ki, sintetik, bədənə yapışan geyimlər də müxtəlif fəsadlara yol aça bilər.

Onun sözlərinə görə, təmiz kətan və pambıqdan olan geyimlərə üstünlük vermək lazımdır.

O əlavə edib ki, bütün bunlarla yanaşı, az qidalanmaq, xüsusən də, yağlı yeməklər yeməmək məsləhətdir. Ağartı məhsullarına üstünlük vermək lazımdır. Eyni zamanda, günəş vannası qəbul etmək istəyən şəxslər də ehtiyyatlı olmalıdırlar. İlk dəfədən uzun müddət günəş vannası qəbul etmək günvurmaya və digər fəsadlara yol aça bilər. Ilk dəfə 15 dəqiqə, sonrakı günlərdə də hər gün 5 dəqiqə əlavə etməklə davam etmək lazımdır.

İradə Əliyeva bildirib ki, əgər yaxınınızda günvurma halı ilə rastlaşsanız, dərhal həmin şəxsi kölgəliyə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır. Əgər qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur. düşsün.

İradə Əliyeva son olaraq bildirib ki, hətta qapalı məkanlarda da günvurma halı yaşana bilər.

Onun sözlərinə görə, şərt deyil ki, günəş şüaları otağa düşsün. Bunun üçün də, qapalı məkanlarda mütləq havanı tənzimləyən qurğular olmalıdır.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyindən bildiriblər ki, yay mövsümü ilə əlaqədar işəgötürənlərin diqqətinə çatdırıb ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti  işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.

Həzi


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM