Qazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, 3 uşaq anası Bəturə Məmmədova soyğunçuluq məqsədi ilə qaçırılıb və qətlə yetirilib.
Gözəllik salonunda kosmetoloq işləyən 40 yaşlı Bəturənin yoxa çıxması haqda xəbər saytlarda bu ilin may ayının sonlarında çıxıb. Xəbərdə deyilirdi ki, qadın mayın 27-də axşam saat 8 radələrində işdən çıxıb və o vaxtdan bəri onu görən olmayıb. 18 gün sonra isə məlum olub ki, Bəturə Məmmədovanı soyublar və vəhşicəsinə qətlə yetiriblər.
Bəturənin atası Babək Məmmədov deyir ki, onlar qohumları ilə birlikdə Bəturənin bütün hərəkət marşrutunu izləyiblər. Yoxa çıxmazdan qabaq kimlərlə təmasda olduğunu öyrəniblər və qiymətli şahid ifadələri əldə ediblər. Məlum olub ki, qadın işdən çıxandan sonra fərdi sərnişindaşıma ilə məşğul olan sürücünün avtomobilinə əyələşib."Biz hətta kənddən şahidlər tapdıq ki, hər şeyi gözləri ilə görmüşdülər. Onlar qadının necə qışqırdığını, "kömək edin, öldürürlər” dediyini eşidiblər. Onlar bizə hətta maşının nömrəsini də dedilər. Sonra biz şahidlərin danışdıqlarını polisə çatdırdıq. Dedilər axtarırıq, axtarmaqda davam edəcəyik. Amma dedilər ki, belə maşın yoxdur, tapılmayıb”-atası danışır.
Bəturənin qohumları anlaşılmazlıq içində idilər, çünki onlar polisə Bəturəni aparan maşının nömrəsini, ehtimal olunan cinayətkarların əlamətlərini demişdilər. Ancaq iş ölü nöqtədən tərpənmirdi. Nəhayət onlar çarəsiz qalaraq Azərbaycanın Qazaxıstandakı səfirliyinə müraciət ediblər. Səfirliyin işə qarışmasından sonra polis tezliklə işin üstünü açıb.
Belə məlum olub ki, qadını onun icarəyə götürdüyü taksidə soyğunçuluq məqsədi ilə öldürüblər. Cinayəti törədənlər isə Almaatadan olan ər-arvaddır. Belə ki, ər kirayəyə götürdüyü avtomobillə guya taksi xidməti göstərmək adı altında potensial qurbanlar axtarırmış, arvadı isə özünü müştəri kimi qələmə verirmiş ki, potensial qurban qurulmuş tələdən duyuq düşməsin.
Bəturə Məmmədovanın cənazəsini dəfn olunmaq üçün Azərbaycana göndəriblər. O, Qazaxıstan vətəndaşlığı almaq arzusu ilə yaşayırmış. İş yoldaşı Akmarjan Rskaliyeva deyir ki, Bəturə istiqanlı, hamıya kömək etməyə çalışan və özünə karyera qurmaq istəyən, plastik cərrah olmağı arzulayan qadın idi...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !