Sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla birdəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.
Əvvəllər məhsul haqda məlumat təkcə əməkdaşlıq olunan daşıyıcı şirkətin hesabında yaradılırdısa, artıq DGK-nın yaratdığı "Smart Customs” mobil tətbiqində də sifariş edən fiziki şəxs tərəfindən sadələşdirilmiş bəyannamə təqdim olunmalıdır.
Komitə "Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?” sualına belə cavab verib:
""Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir”.
Əvvəllər vətəndaşın daşıyıcı şirkətə göndərdiyi bəyannamə sifariş etdiyi məhsullar haqqında məlumat xarakteri daşıyırdı. Bu, gömrük bəyannaməsi ilə əlaqəsi olmayan, sadəcə mal haqqında məlumat idi. Yeni qaydaların tətbiqindən sonra artıq vətəndaş həm də gömrük haqqında bəyannamə təqdim etməlidir.
Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdimedə bilərlər.
Qeyd edilir ki, 300 dollarlıq limit keçilməsə belə, fiziki şəxs hər bir halda sifariş etdiyi məhsulu bu tətbiq vasitəsilə bəyan etməlidir.
DGK-nın "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinə əsasən, "Smart Customs” mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, "Fərdi identifikasiya nömrəsi”ndən (FİN) də istifadə edə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !