Dünya nə üçün "31 mart" soyqırım kimi qəbul etmir? - AÇIQLAMA

16:28 | 31.03.2023
Dünya nə üçün

Dünya nə üçün "31 mart" soyqırım kimi qəbul etmir? - AÇIQLAMA

"31 mart" Azərbaycan tarixinə  erməni millətçilərinin  dinc azərbaycanlı  əhaliyə qarşı Bakıda törətdiyi  soyqırım günü kimi daxil olub. 
 
Sovet hakimiyyəti illərində bu tarixi yaddaşlardan silməyə cəhd edilsə də müstəqillik dövründə  Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb.
  
Millət vəkili Naqif Mirzəyevin sözlərinə görə,  XIX əsrin sonlarından başlayaraq böyük güclərin dəstəyi ilə ermənilər terror təşkilatları yaratdılar və bu terror təşkilatının qarşısında duran məqsəd müsəlman-türk xalqını məhv etmək, onları qorxutmaq, onların yaşadığı ərazidə özlərinə dövlət yaratmaq idi.
 
"Xüsusilə 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunması həmçisin, savadlı, ağıllı, milli təfəkkürə malik ziyalılarımızın sürgün edilməsi, qətlə yetirilməsi həyata keçirildi. 1980-ci ildə isə azərbaycanlılar Ermənistan torpaqlarından çıxarıldı, sonuncu deportasiya aktı həyata keçirildi. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın müxtəlif şəhər və kəndlərində soyqrım keçirildi. Çox təəssüflər olsun ki, əsrin ən faciələrindən biri Xocalı faciəsinin şahidi olduq. Faktiki olaraq, mart soyqrımının müasir formada həyata keçirildiyi deyə bilərik. İkinci Qarabağ müharibəsi zamanı ermənilər dinc sakinləri hədəfə aldılar. Gəncə, Goranboy, Naftalan, Bərdə, Tərtər kimi ərazilərdə uzaq mənzilli raketlərlə atəşə tutaraq dinc sakinləri qətlə yetirdilər",  -  Mirzəyev bildirib. 

Tarixçi Qasım Hacıyevin fikrincə, azərbaycanlılara qarşı törədilmiş soyqrım hadisəsini başqa dövlətlər müsbət qarşılamır , bununla bağlı dünya ölkələri parlamentləri qərar qəbul etmirlər.
 
"Dünya ikili siyasət yeridir. Birinci o dövlətlər öz mənafelərinə uyğun hərəkət edirlər, qərar qəbul edirlər, İkinci yerdə xristianlıq həmrəyliyi dayanır. Ona görə də ermənilərin faciələri haqqında qərar qəbul edir, azərbaycanlılara qarşı düzgün mövqe tutmurlar. Bu faciə ilə bağlı prezident  fərmanı verilsə də təbliğatımızı gücləndirməliyik.  Həm "31 mart", həm Xocalı soyqrımı zamanı baş verənləri  dünya ictimaiyyətinə başa salana qədər öz təbliğatlarımızı aparmalıyıq. Diplomatlarımız, siyasi xadimlərimiz, bütün ziyalılarımız, tarixçilərimiz hamısı öz fikrini deməli dünya ictimaiyyətinə çatdırmalıdır", - Qasım Hacıyev deyib.
 
Tarixçi Sübhan Talıblı erməni qırğınlarının təkcə Bakıda deyil Lənkəranda da yer aldığını bildirib. 
 
"Azərbaycanın digər regionları kimi Lənkəran da 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrdən biri olub. Həmin dövrdə Lənkəran rayonunun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətlyamlar törədilib. Ümumilikdə, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib",  -  tarixçi bildirib. 

Millət vəkili Bəhruz Məhərrəmov isə bildirib ki,  müstəqillik qazandıqdan sonra Azərbaycan tarixi həqiqətlərə obyektiv yanaşma nümayiş etdirməsinə imkan yaradır.
 
"Azərbaycan lazımi bütün addımları atır. Bu addımların yüzdən birini başqa dövlət, məsələn, Ermənistan atsa idi, Ermənistanın soyqrım-işğal cinayətlərinə göz yumanlar bunu görməyə və eşitməyə hazır olardı. Amma  müasir dövrdə soyqırıma, təcavüzə, Xocalıya göz yumanlar əslində bizim addımlarımızı, başımıza gələn fəlakətləri görmək istəmirlər.  Yeganə çıxış yolu gücümüz, dünyada söz sahibi olmağımızdır. Biz gücləndikcə Qərb dünyasında ədalətsiz mövqe sərgiləyən kütlə tədricən bizimlə hesablaşmalı olacaq", millət vəkili vurğulayıb. 
 
 
İstiqamət: 6.3.14.- Diaspor quruculuğu,lobbiçilik və dünya azərbaycanlılarının həmərliyi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 


Zinyət Mehtiyeva

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM