Sənəddə region ölkələrinin mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyi, suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiqi təhlükəsinin qadağan edilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın vacibliyi vurğulanacaq. Telekanal qeyd edir ki, görüş iştirakçıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən regional nəqliyyat dəhlizlərinin yaradılması məsələsi üzrə də çıxış edəcəklər.
3+3 platformasının iclasında Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. İclas iştirakçılarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək. Gürcüstan "3+3” platformasının iclasında iştirakdan imtina edib.
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib.
Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !