Açılan cinayətlərdə miqrantların payı 4%-dir, Moskvdaa isə 20%-ə çatır
2013-cü ildə Rusiya 430 min xariciyə girişi bağlayıb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.
“2013-cü ildə 427 min adamın girişi dayandırılıb və 6 mlrd rubl cərimə kəsilib”, - deyə Romodanovski Federasiya Şurasının iclasında bildirib. Məmur əlavə edib ki, giriş bağlanan adamların 51%-i yaşı 17-dən 29-a kimi dəyişən gənc insanlardır.
Onun sözlərinə görə, son 4 ildə Rusiyanın miqrasiya üçün cazibədarlığı artıb. Rəsmi məlumatlara görə, həmin zaman ərzində giriş 9 milyondan 17 milyona qalxıb, gələnlər dünyanın 200 ölkəsini təmsil edirlər.
Romodanovski bildirib ki, miqrasiya Rusiyanın mili təhlükəsizliyinə təsir göstərir: “Başqa şəhərlərdən gələnlər və xaricilər cinayət törədirlər. Açılan cinayətlərdə onların payı 4%-dir, Moskvada isə 20%-ə çatır”. O həmçinin qeyd edib ki, Parisdə bu göstərici 50-60%-ə çatır.
ANS PRESS