5 rayon qaytarıla bilər: Prezidentlərin görüşündən gözləntilər

22:16 | 11.10.2017
5 rayon qaytarıla bilər: Prezidentlərin görüşündən gözləntilər

5 rayon qaytarıla bilər: Prezidentlərin görüşündən gözləntilər

Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda gözlənilən görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik”.

"Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Azərbaycanın Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov deyib. "Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu. Hər halda bunu belə qiymətləndirmək olar. Biz yaxın günlərdə, çox güman ki, gələn həftə prezidentlərin görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik”, – deyə nazir bildirib.

Görüş nə vəd edir?

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan arasında sonuncu görüş sentyabr ayında Nyu-Yorkda nazirlər səviyyəsində baş tutub. Görüşdə hansısa anlaşma olmasa da münaqişə ətrafında baş verən yeni gəlişmələr prezidentlər səviyyəsində görüşün keçirilməsi məsələsini masaya yatırmışdı. Nazirlərin görüşündən əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ətraf rayonların Azərbaycana qaytarılacağı ilə bağlı verdiyi bəyanat da ortada yeni anlaşmasının olmasından xəbər verirdi. Üstəgəl, Rusiyadan rəsmi və qeyri-rəsmi səviyyələrdə Nalbandyanın bəyanatının təkrarlanması da prezdidentlərin yaxın vaxtlarda görüşəcəyi ehtimalını artırmışdı. ABŞ Dövlət Departamentindən işğalçı tərəfə verilən mesaj isə daha sərt idi. Departament işğal edilmiş bütün rayonların qaytarılmasını tələb etdi. Görüşdə münaqişənin həllində irəliləyişin olacağına ümid böyükdür. Ekspertlərə görə, prezidentlərin müzakirəsində ətraf rayonların (5 rayon) Azərbaycana qaytarılması məsələsi razılaşdırıla bilər. Buna görə də əsas müzakirə mövzusunun ətraf rayonların qaytarılmasından sonra tərəflərin maraqlarını əks etdirəcək formada təhlükəsizlik tədbirlərinin görülməsi və Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı olacağı ehtimal olunur. Lakin bölgədə təhlükəsizliyin təmin edilməsi məsələsində həmsədrlər arasında fikir ayrılığı var. Rusiya bunun öz sülhməramlıları tərəfindən həyata keçirilməsini istəsə də ABŞ beynəlxalq sülhməramlı qüvvələr variantını irəli sürür. Münaqişə tərəfi Ermənistanın mövqeyi isə Rusiyanın tələbinə uyğundur. Ekspertlər bu nöqtədə Ermənistanın bu görüşdə də mərkəzdənqaçma meylində olacağını ehtimal edirlər.

"Görüş sual altındadır”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, danışıqların bərpası və prezidentlərin görüşü barədə qəti qərar yoxdur. Politoloq qeyd edib ki, danışıqlar nazirlər səviyyəsində bərpa olunsa da indiki məqamda yüksək səviyyədə görüşün keçiriləcəyi sual altındadır:

"Tərəflər və həmsədrlər də bununla bağlı bəyanat verməyiblər. Görüşün keçiriləcəyinin müzakirə olunduğu bu günlərdə 5 rayonun qaytarılacağı ilə bağlı ehtimalların irəli sürülməsinə gəlincə, bunlar ekspertlər səviyyəsində səsləndirilən fikirlərdir. Nalbandyan da Məmmədyarovla görüşündən əvvəl belə bir fikir səsləndirmişdi. İndi bu barədə daha çox ekspertlər danışırlar. Ekspertlər də rəsmi mövqeləri ifadə etmirlər, ehtimallar irəli sürürlər. Buna görə də ekspertlərin fikirlərinə münasibət bildirməyə ehtiyac yoxdur. Bunlar real mənzərəni əks etdirmir. Biz indiki məqamda hansı planın müzakirə olunacağı barədə də məlumatlı deyilik”.

Elçin Mirzəbəylinin sözlərinə görə, ətraf rayonların qaytarılması və digər məsələlərlə bağlı Azərbaycanın rəsmi mövqeyi bəllidir:

"Bu, mərhələli həll planının tərkib hissəsidir. İlkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad olunmalıdır. Bundan sonra baş verəcək proseslərdə də Azərbaycan öz ərazi bütövlüyünü pozacaq heç bir addıma və təklifə razı olmayacaq. Bu planla bağlı da hələlik ortada konkret fikir yoxdur. Düşünürəm ki, indiki halda fikir mübadiləsi aparmaq üçün yetəri qədər məlumata malik deyilik”.

"Yeni plan var”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, prezidentlərin görüşünün razılaşdırılması, ortada razılaşdırılmış yeni planın olmasından xəbər verir. Politoloq xatırladıb ki, xarici işlər nazirlərinin görüşündə həmsədrlərin birgə razılaşması olub:

"Bu razılaşma "Kazan formulu” əsasında 5 rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsini ehtiva edir. Hesab edirəm ki, prezidentlərin görüşündə Qarabağın statusu məsələsi geniş müzakirə olunacaq. 5 rayonun qaytarılması məsələsi razılaşdırılsa da status məsələsində Ermənistanın qeyri-konstruktiv mövqedə dayanması, danışıqlar prosesini əngəlləyir. Çox güman ki, həmsədrlər 5 rayon məsləsini tərəflərlə razılaşdırıblar.

Status məsləsinin həlli üçün də prezidentləri görüşdürürlər. Lakin bu görüşdə də status probleminin həll ediləcəyinə ümid yoxdur. Ermənistan ətraf rayonları qaytarmaqla referendum üçün konkret tarix istəyir. Hesab edirəm ki, Sarkisyan bu görüşdə də mövqeyində qalacaq”. Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın mövqeyi Rusiyadan asılıdır: "Rusiya isə rəsmi səviyyədə danışıqlar prosesində irəliləyişin olması barədə açıqlama verməyib. Çox güman ki, Rusiya yenə də prosesə əngəl olacaq. İndiki halda danışıqlar nazirlər səviyyəsində bərpa olunsa da moderator Rusiyadır və Rusiyanın istəyi olmadan da irəliləyiş olmayacaq”.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM