2013-cü ildən indiyədək 55 sümük iliyi əməliyyatı keçirilib.
Trend-in məlumatına görə, bunu Talassemiya Mərkəzində bu gün "Talassemiya ilə mübarizədə KİV-in rolu" mövzusunda keçirilən konfransda Mərkəzin direktoru Valeh Hüseynov deyib.
Mərkəz direktoru bildirib ki, bu xəstəlik əsasən Aralıq Dənizi ölkələrində geniş yayılıb: "Lakin son zamanlar dünyada gedən miqrasiya prosesi nəticəsində xəstəliyin Qərbə doğru yayılması müşahidə olunur. Talassemiya xəstəliyi əsasən, hemoglobinin pozulması nəticəsində meydana gəlir. Ən çox yayılan beta talassemiyadır. Bunun üç əsas tipi var. Qan azlığı kompensasiya edilmirsə, o zaman xəstələrdə ciddi ağırlaşmalara səbəb olur. Talassemiyalı xəstələrdə sümük iliyi problemləri yaranır".
Daşıyıcılar haqqında danışan V.Hüseynov bildirib ki, onlar təsadüfən müayinələr zamanı aşkar olunur: "Xəstəlik daşıyıcıları adətən xəstəliyin olduğunu hiss etmirlər, lakin ailə qurduqdan sonra talassemiyalı uşaq dünyaya gəlir. Daşıyıcılar ailə qurduqda 25 faiz xəstə uşaq doğulma ehtimalı var. Belə ailələrdə sağlam uşaq dünyaya gəlmək ehtimalı da az deyil. Bu cür xəstələrə daim qan köçürülməlidir. Qanla yanaşı, dəmir də köçürülməlidir. Əks halda, qaraciyər və digər xəstəliklərinə səbəb ola bilər".
V.Hüseynov qeyd edib ki, bu cür xəstələrin müalicəsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Mərkəzin bu xəstələrin müalicəsində göstərdiyi xidmətlərdən söz açan V.Hüseynov vurğulayıb ki, mərkəzin əsas fəaliyyətindən biri sümük iliyinin transplantasiyasıdır ki, 2013-ci ildən indiyədək 55 belə əməliyyat keçirilib.
O əlavə edib ki, 3105 xəstə poliklinika dispanser qeydiyyatındadır: "Bizim məqsədimiz talassemiyalı xəstələrin doğulmasını sıfıra bərabər etməkdən ibarətdir. Bununla bağlı qarşımızda çox böyük məqsədlər var. Əsas görəcəyimiz işlər nikah müayinəsindən sonra aşkarlanan xəstəlik daşıyıcılarının sonradan həkimə müraciət etməsini təmin etməkdir. Adətən, bölgələrdə xəstəlik aşkarlanan gənclərin həkim müayinəsindən yayınması halları ilə rastlaşırıq. Bu halların qarşısının alınmasına çalışmalıyıq".
Daha sonra çıxış edən deputat Musa Quliyev bildirib ki, ölkəmizdə nikah öncəsi müayinələrin aparılması məqsədilə Ailə Məcəlləsinə dəyişiklik edilib. Onun sözlərinə görə, lakin aparılan müşahidələr, eləcə də statistika göstərir ki, bu cür xəstəliklərdə azalma yoxdur: "Erkən nikahların bağlanması, müayinələrdən yayınma ciddi məsələdir. Hər bir talassemiyalı doğulan körpənin statistikası aparılmalıdır. Bu məsələyə nəzarət gücləndirilməlidir. Elektron KİV-lər, TV-lər bu xəstələrlə müsahibə aparıb, onların problemlərini öyrənməlidirlər. Sosial çarxlar pulsuz TV-lərdə yayılmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr maarifləndirməyə yönəldilməlidir".
Heydər Əliyev Fondunun departament müdiri Soltan Məmmədov bildirib ki, ölkəmizdə bir sıra xəstəliklərin müalicəsi üzrə profilaktik tədbirlər keçirilir ki, onlardan biri talassemiya xəstəliyidir: "Xüsusi qayğıya ehtiyacı olanlara xidmət Fondun əsas fəaliyyətinə daxildir. Heydər Əliyev Fondu Mərkəzlə birgə fəaliyyətinə xüsusi əhəmiyyət verir, Səhiyyə Nazirliyi ilə bu istiqamətdə islahatlar həyata keçirib. Müayinələr üçün xaricə üz tutan şəxslər artıq mərkəzdə pulsuz şəkildə müayinələrdən keçə bilirlər".
Tədbir də Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, dövlət qurumlarının, ictimai birliklərin nümayəndələri iştirak edirlər.
Tədbir müzakirələr əsasında davam edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !