574 məktəblidə skolioz aşkarlanıb

18:19 | 10.11.2017
574 məktəblidə skolioz aşkarlanıb

574 məktəblidə skolioz aşkarlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentlikdən AzVision.az-a verilən məlumata görə, sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.

Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil etmişdir və 9228 şagird müayinələrə cəlb olunub. Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanmış və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər. Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar. Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu aşkarlanıb. Digər müraciətçilərdə onurğa sütünu ilə bağlı heç bir patologiya aşkar olunmayıb.

Ailə həkimləri müayinəyə gələnlərə sağlam həyat tərzi, skoliozun ilkin əlamətləri, tibbi müayinələrin vacibliyi, həmçinin, valideynlərə övladlarının qamətinin düzgün formalaşmasına diqqət yetirmələri, onları idmana yönləndirmələri haqqında mühüm məsləhətlər veriblər. Məktəbyaşlı uşağın yazı masasının onun yaşına və boyuna uyğun quraşdırılmasının, məktəbli çantasının ağır olmamasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "Qamətli nəsil yetişdirək” bukleti paylanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti