681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi

12:32 | 21.09.2018
681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi

681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi

Bu il 681 balla Bakı Ali Neft Məktəbinə daxil olan Vüsal Həsrətli uğurun sirrini bölüşüb. O, yüksək balla daxili olduğu Azərbaycan Tibb Universiteti və Prezident təqaüdündən imtina edərək yenidən imtahan verib və sevdiyi ixtisas və ali məktəbi seçib.

Publika.az Vüsal Həsrətlinin müsahibəsini təqdim edir:

- Özünüz haqda bir az məlumat verərdiniz.

- Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

- Həkimliyə marağınız nədən yaranmışdı?

- Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsiylə belə alınmışdı.

-Bəs nə baş verdi ki Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

- Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

- Jül Vernin "Sirli ada” əsərini oxumuşdum orda bir obraz var - Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər, etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

- 11-ci sinifdə bizi universitetlərlə tanış olmaq məqsədilə BANM-a aparmışdılar. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib birinci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

- BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında bir az məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

- Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

- İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən ibarətdir?

- İdmanın demək olar ki bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə. Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram. Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

- Hazırlaşdığınız hər 2 ixtisas qrupunda tarix fənni yoxdur. Bəs tarixə marağınız nə dərəcədədir?

- Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət qədər uğulu nəticələr əldə etmişəm. Amma düzü, 10-cu və 11-ci siniflərdə buna imkan çox olmayıb.

- Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə, bu sahənin bu qədər aktual olmasına səbəb nədir?

- Mühəndisliyə maraq insanlarda əslində həmişə olub. Sadəcə, son dövrlərdə bu sahə sürətli inkişaf eydiyinə görə təlabat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

-Həkimlik və mühəndislik. Fikrinizcə, ölkəmizdə bu 2 peşənin hansında peşəkarlar daha çoxluq təşkil edir?

-Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələki heç nə deyə bilmərəm.

- Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

- Məncə, daha çox valideynlərim üzülür.

- BANM-ın 4 maraqlı ixtisası var. Niyə məhz "Kimya mühəndisliyi”ni seçdiniz?

- Hazırda "Kimya mühəndisliyi” geniş bir sahədir və mən daha çox emal işinə yönələcəyimi düşünürəm.

-Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz nədir?

-Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor, kompüterdən tamamilə uzaq olsunlar.

- Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.

- Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM