Dövlət İmtahan Mərkəzi mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
• Şəxsiyyəti təsdiq edən sənədin əslini;
• "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan bölməsi, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfərini oğlanlar, 4955 nəfərini qızlar təşkil edir. 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !