Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, monitorinq imtahanı 98 məktəbdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.
DİM rəhbərliyi və Təhsil Nazirliyinin nümayəndəsi də imtahan keçirilən binalara baş çəkiblər və imtahanın gedişini izləyiblər.
İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.
Qeyd edək ki, DİM tərəfindən keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !