Ağ Ev ABŞ Konqresinə növbəti dəfə xəbərdarlıq edib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni bildirib ki, ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edəcəyi təqdirdə, prezident Barak Obama öz veto hüququndan istifadə edəcək.
Onun sözlərinə görə, Ağ Ev ABŞ Konqresinə hazırda İrana qarşı yeni sanksiyalar qəbul etməyin zamanı olmadığını açıq şəkildə söyləyib: “Belə bir qanunun qüvvəyə minməməsi lazımdır. İranın müvəqqəti razılaşmanı pozacağı və ya müəyyənləşdirilmiş altı aylıq müddətin sonunda yekun anlaşma əldə olunmayacağı təqdirdə, onsuz da ABŞ Konqresi ilə birlikdə çox sürətli şəkildə yeni sanksiyaları rahatlıqla qəbul edə biləcəyimizə inanırıq. Bu səbəbdən indi belə bir addıma ehtiyac yoxdur”.
C. Karni deyib ki, indiki şəraitdə diplomatik fəaliyyətlərə mane törədəcək bütün hərəkətlərdən qaçmaq lazımdır: “ABŞ-ın diplomatik səylərinə zərər verəcək hərəkətlər görmək istəmirik. ABŞ Konqresi İrana qarşı yeni sanksiya qəbul edəcəyi təqdirdə Barak Obama buna veto qoyacaq”.
APA