Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular...

18:15 | 11.10.2021
Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular...

Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular...

Azərbaycanın ermənilərin kompakt yaşadığı və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərə İranın yük maşınlarının icazəsiz girişindən sonra başlanan iki ölkə arasındakı gərginlik bu gün də davam edir. Azərbaycanın qanun və beynəlxalq hüquq çərçivəsində addımları İranın hansısa səbəbdən etirazı ilə qarşılanır. İran dövlətimizin öz ərazisində qaydalar tətbiq etməsini qəbul etmək istəmir. Qüdrətli Azərbaycanın 30 illik işğala son qoyaraq, torpaqlarını azad etməsini, ərazi bütövlüyünü bərpa etməsini niyəsə həzm edə bilmir.
"Qafqazinfo" xəbər verir ki, bu prosesin ardınca Azərbaycan hüquq-mühafizə orqanları qanunvericiliyə uyğun davranaraq, Azərbaycanın ərazilərinə qanunsuz daxil olan iki İran vətəndaşı olan sürücünü saxladıqdan sonra cənub qonşumuzun yüksək vəzifə tutan şəxsləri də kəskin çıxışlar etməyə başladılar.
İranın Ali dini lideri Xomenei və xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan əleyhinə çıxışlar etdilər.

Elə həmin ərəfədə İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amuli azərbaycanlıları təhqir edərək, Azərbaycan dövlətinə qarşı hücuma keçdi. Artıq bundan sonra məsələ dini müstəviyə daşındı, ardınca İranda olan dini kəsimi təmsil edən şəxslər videomüraciətlərlə dövlətimizi təhdid etməyə çalışdılar.

Politoloq Elxan Şahinoğlu bu məsələyə reaksiya verərək, Azərbaycanın dini kəsiminə səslənmişdi:
"Cəsarətli axunda ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sanki məzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. Tehran Amulinin diliylə bizi hədəf götürərkən, bəlkə də, elə bu nəticəni əldə etmək istəyirdi”.
Bu prosesin ardınca İran blokada şəraitində olan Naxçıvana hərbi yüklərin daşınması üçün hava məkanını bağladı. Eyni zamanda, məlum oldu ki, İran hərbçiləri Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü pozaraq, Cəbrayıl rayonuna daxil olubmuş. Burada Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərdikləri üçün ordumuz Zəngilan istiqamətində irəliləməyə gecikib.
Bu müddətdə güclənən Ermənistan qüvvələri əsgərlərimizə daha ciddi müqavimət göstərib və nəticədə şəhid və yaralılarımızın sayı daha çox olub. Göründüyü kimi, İran Ermənistana qalib gələn Azərbaycanı təkcə bəyanatlarla yox, real əməldə də təhdid edir. Həm də bu siyasi, hərbi, diplomatik və dini sferada davam edir.
Azərbaycana qarşı olan və dini sferaya çəkilən bu qədər hücum və təxribatların nə gedişatında, nə sonrasında ölkəmizdəki din xadimləri başlarını kolluqdan çıxardı. Heç kimin onları görmədiyini düşünənlər xalqın onlardan cavab verməyi tələb etdiyini unutmuşdular.
Sadalanan, ictimaiyyətə bəlli olan təhdidlərdən sonra Qafqaz Müsəlmanları İdarəsi gecikmiş bəyanatla çıxış etdi. Şeyx Allahşükür Paşazadənin həmin bəyanatda qeyd etdikləri isə heç də Amulinin nitqinə bənzəmirdi və kəskin təhdidlərə adekvat cavab saymaq olmazdı. Orada sadəcə sülh göyərçinindən, xalqlararası dostluqdan, mehriban qonşuluq, İslam həmrəyliyindən bəhs edilirdi.
QMİ-nin 31 nəfərlik Qazilər Şurası, 26 nəfərlik bölgə qaziləri, eyni sayda olan səlahiyyətli nümayəndələri, mindən çox axund və imamlarından biri də Amuliyə cavab vermək öhədliyi hiss etmədi, xalqı təhqir edən din ağalarına cavab verə bilmədi.
Xalq arasında illərdir bu fikir dolaşır ki, Azərbaycandakı dindarların, böyük nüfuzu olan dindar şəxslərin bir çoxu İranın agentidir və ya dolayısıyla Xomeneinin təsiri altındadır. Artıq bu gün baş verənlər din məsələsi deyil, dövlət, xalq, Vətən məsələdir. Qarşı tərəfdən dini təmsil edən şəxslər də bizim üçün müqəddəs olan bu dəyərlərə hücum edirlər. İndi Azərbaycanda dini təmsil edən şəxslərin də kimin yanında olduqlarını, agent olub-olmadığını elan etmə anıdır.
QMİ özü isə sülh bəyanatından sonra sadəcə şeyxin Rusiya səfəri haqda açıqlama yaymaqla kifayətləndi.
Bir çox sahələrdə olduğu kimi, bu prosesdə Prezident İlham Əliyev yükü öz üzərinə götürdü. Allahşükür Paşazadənin sülh təklif etdiyi Amulinin "əyalət mollası” olduğunu bildirərək, məsələyə sərt reaksiya verdi. Azərbaycanın Cəbrayıla İsrail qüvvələrini yerləşdirdiyini iddia edən İrana layiqli cavab verdi.
Prezident İranla sərhəddin bir addımlığına, elə İranın iddia irəli sürdüyü Cəbrayıl rayonuna gedərək "bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq” deyə səsləndi. İranın Azərbaycana qarşı atdığı addımlara kəskin münasibət bildirdi. Lakin dövlət başçısının açıq mövqeyindən sonra da QMİ mollarının danışmağa cəsarətləri çatmadı.
Bu prosesdə dövlət politoloqların və digər ölkələrin mümkün hesab etmədiyi dərəcədə cəsarətli addımlar atdı. İran agenturasına Azərbaycanda rəhbərlik edən, İranın Ali dini lideri Xomeneinin Azərbaycandakı nümayəndəsi statusu daşıyan Ocaqnecatın ofisi bağlandı, özü ölkəni tərk etmək məcburiyyətində qaldı. Onun Azərbaycanda İslam inqilabını yaymaq missiyasına başçılıq etdiyini və İranın xüsusi xidmət və "Ettelaat” orqanları üçün agentlərin "verbovka”sı, yəni cəlb edilməsi ilə məşğul olduğu bildirilir.

Artıq Azərbaycan dövləti diplomatik və siyasi müstəvidə İranın təxribatlarına qarşı yüksək səviyyədə lazımi cavabları verdi, bütün mümkün riskləri nəzərə alaraq ciddi addımlar atdı. Amma bu prosesdə cəmiyyətdə mövqe sahibi olan din xadimləri dəstəyini göstərmədi. Özlərini önə verib ağalarının qəzəbinə tuş gəlmək istəmədilər. Xalqın "İran agenti” adlandırdığı şəxslərin İranın Vətənimizə qarşı siyasi, diplomatik, hərbi və dini müstəvidəki təhdidlərinə susqunluq nümayiş etdirmələri vətəndaşların haqlı çıxmaq ehtimalını daha da artırır.








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM