ABŞ-Aİ-Ermənistan görüşü Azərbaycanı təcrid etmək məqsədi güdür - İlham Əliyev

16:53 | 05.04.2024
ABŞ-Aİ-Ermənistan görüşü Azərbaycanı təcrid etmək məqsədi güdür - İlham Əliyev

ABŞ-Aİ-Ermənistan görüşü Azərbaycanı təcrid etmək məqsədi güdür - İlham Əliyev

ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü Cənubi Qafqazda əməkdaşlığa qarşı yönəlib və Azərbaycanı təcrid etmək məqsədi güdür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin deputatı və parlamentdəki nümayəndə heyətinin rəhbəri, NATO Parlament Assambleyasının üzvü  Mövlud Çavuşoğlu ilə görüşü zamanı bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin deputatı, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. 
 
Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında görüş keçirilir.
 
Görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır. 

"Biz 2023-cü maliyyə ili üçün büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəlkindən 50%-dən çoxdur", - Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistanın hökumət sahələri və iqtisadiyyatı ilə bağlı tədbirlərə investisiya qoymaq niyyətindədir.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen isə Ermənistanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınması ilə mübarizədə göstərdiyi səyləri dəstəklədiyini bildirib. 

"Rusiyaya qarşı sanksiyalarımızdan yayınma ilə mübarizədə Ermənistanın səylərini alqışlayıram” deyən o, Brüsselin İrəvanın sanksiyalara məruz qalmış hərbi texnika və texnologiyanın Moskvaya çatmasının qarşısını almaq səylərini xüsusilə yüksək qiymətləndirdiyini vurğulayıb.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell öz növbəsində bildirib ki, Avropa İttifaqı Ermənistana xarici təsir və manipulyasiyalara müqavimət göstərməyə kömək edəcək. Bundan əlavə, onun sözlərinə görə, Aİ və Ermənistan əməkdaşlıq səviyyəsini maksimum dərəcədə artırmaq niyyətindədir.

"Effektiv siyasi əməkdaşlıq əsasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarətin və vətəndaşların mobilliyinin inkişafının vaxtı çatıb.

Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik və investisiya mühitini Avropa və Amerika şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Biz keyfiyyətli infrastrukturun (malların və xidmətlərin) modernləşdirilməsində, [Ermənistan və Qərbin] işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsində və ticarətin inkişafı üçün yeni sxemlərin tapılmasında yardım gözləyirik”, -  Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen  və Blinken ilə üçtərəfli görüşə başlamazdan əvvəl bildirib. 

Ümumiyyətlə, Paşinyan qeyd edib ki, yüksək səviyyəli dialoq Ermənistanın ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığının genişlənməsini göstərir. Çoxsaylı böhranlara baxmayaraq, Ermənistan demokratiya yolunda mühüm irəliləyişlər əldə edib. Onun sözlərinə görə, tərəflər Ermənistanın demokratik təsisatları gücləndirmək səylərini müzakirə edəcəklər, çünki fundamental insan hüquq və azadlıqlarına hörmət İrəvan, Brüssel və Vaşinqton arasında əməkdaşlığın mühüm tərkib hissəsidir.

"Vurğulamaq istərdim ki, biz 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan həm də qarşılıqlılıq və ölkələrin suverenliyi əsasında sərhədin delimitasiyası və kommunikasiyaların açılmasına sadiqdir.
 
N.Təbrizli

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM