Millət vəkili Ceyhun Osmanlının ingilis dilli "euractiv.com" saytında Avropanın Azərbaycanla bağlı sonuncu qətnaməsiylə bağlı məqaləsi yayımlanıb. Həminki yazını təqdim edirik:
Avropa Birliyinin Azərbaycanla əlaqələrində ikili standartları Avropa dəyərlərini əsas tutan insanların ümidlərinə zərbə vurur – Ceyhun Osmanlı yazır.
Ceyhun Osmanlı 2010-cu ildən etibarən Azərbaycan parlamenti Milli Məclisin deputatıdır, Beynəlxalq Əlaqələr və Partlamentlərarası Əlaqələr Komitəsində fəaliyyət göstərir. O həmçinin Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Dünya Bankı və BVF-nin Parlament Şəbəkəsinin kollegiya üzvüdür.
Avropa Parlamentinin 9 sentyabr 2015-ci tarixində Azərbaycanla bağlı çıxardığı qətnamə onun Avrasiya regionundakı ən sədaqətli müttəfiqlərindən birinə olan münasibətiylə bağlı ciddi narahatlıqlar doğurur. Qətnamə AB-Azərbaycan əlaqələrini səhv yönə aparır. Enerji təhlükəsizliyindən tutmuş regionda terrorizmlə mübarizəyə qədər AB-Azərbaycan əlaqələrinə bir çox tərəflərdən baxılmalıdır.
Qətnamədə Azərbaycanla bağlı çoxsaylı neqativ elementlər olduğundan, hətta "sanksiyalar”ın tətbiq olunması kimi ehtimal, maliyyələşmənin dayandırılması irəli sürüldüyündən bu, Azərbaycan və AB arasındakı strateji əməkdaşlığın vacibliyini kölgə altına salır.
AB-nin təhlükəsizliyində vacib rol oynayan, xüsusilə kontr-terrorizm və kontr-radikalizmə daimi dəstək verən Azərbaycan AB ilə ticarət, investisiya və enerji əlaqələrində yaxşı mövqeyini qoruyur. Trans Adriatik Kəməri (TAP) və Trans Anadolu Kəmərindən (TANAP) başqa, yeni layihələr böyük ehtimal türkmən qazını Xəzər dənizi vasitəsiylə AB-yə çatdıracaq, Azərbaycan isə AB-Çin ticarətində mərkəz nöqtələrdən birinə çevriləcək.
Avropa Birliyinin şərq sərhədində yeganə müsəlman ölkəsi olan Azərbaycan sekulyarizmi daim rəhbər tutmaqla, həmçinin tarix boyunca azlıqların hüquqlarını qorumaqla AB ailəsinin bir parçası olduğunu sübut edib. Bundan başqa, Avropa mədəniyyəti və idmanını qucaqlamaqla Avropa dəyərlərinə daim sadiq olub, Avroviziya mahnı müsabiqəsi və Birinci Avropa Oyunları bunun sübutudur. AB dəyərlərinə hörməti göstərən digər sübutlar Azərbaycanın Vatikan katakombalarının, Strasburq katedralının rekonstruksiyasını üzərinə götürməsi, həmçinin Versaldakı, Luvrdakı mədəni təşəbbüsləri və digərləridir. Minlərlə azərbaycanlı tələbə dövlətin sponsorluğu ilə AB ölkələrində təhsil alırlar, bu bizim Brüsselə olan səmimi münasibətimizin göstəriciləridir.
İran və Rusiya arasında mövcud olsa da, Azərbaycan Şərq Tərəfdaşlığının üzvü olan, Moskvadan idarə olunan Avrasiya ittifaqına qoşulan ölkələrdən fərqli olaraq, AB ilə yaxın əlaqələr qurmaq kimi strateji seçim edib.
Buna baxmayaraq, AB Azərbaycan kimi sadiq müttəfiqini mükafatlandırmaqdansa, cəzalandırır. Nəyə görə digər Avrasiya və AB ölkələrində oxşar problemlər olsa da, Azərbaycan mətbuat azadlığı məsələsində təklənib? Təkcə son aylarda qonşuluqda olan ölkələrdə jurnalistlər mənbələrini açmaqdan imtina etdikləri üçün cəzalandırılıblar və dinc aksiyalar zamanı tutulublar. Nəyə görə bu ölkələr cəzalandırılmır? Bu, Avropa Parlamentinin reaksiyasına dəymir? Bəli, bizdə problemlər var, ancaq heç bir demokratiya ideal deyil. Hətta ABŞ-da jurnalistlər təhlükəsizlikdə deyillər, necə ki, bir müddət əvvəl biz jurnalistlərin televiziyada qətlə yetirildiyini gördük.
Bu ikili standartlar dayandırılmalıdır və AB böyük neft şirkətlərinin və təsirli diasporanın təzyiqi olmadan Bakıya qarşı aşkar mövqe sərgiləməlidir. Əgər AB həqiqətən demokratiya məsələsində narahatdırsa, o zaman o, Avrasiya İttifaqına qoşulan Şərq Tərəfdaşlığına daxil olan ölkələri də ittiham etməlidir. Daha vacibi isə o, 24 ildir ki ərazilərmizin 20%-ni işğalda saxlayan və nəticədə 1 000 000 azərbaycanlının məcburi köçkün düşməsində rol oynayan Ermənistana qarşı konkret sanksiyalar tətbiq etməlidir.
Onsuz da Avropanın Qonşuluq Siyasətinə daxil olan ölkələrin hamısı AB-nin xarici siyasətinin qüsurlarının qurbanına çevriliblər. Bizim Abxaziyada, Cənubi Osetiyada, Krımda və Şərqi Ukraynada şahid olduğumuz hadisələr bunu deməyə əsas verir ki, AB özünün müttəfiqlərinə verdiyi sözü tuta bilmir, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü qorumaq üçün konkret addımlar atmır. Əksinə, Ruslar Gürcüstana qaz nəqlini dayandıranda, AB yox, Azərbaycan həmrəylik göstərdi, qonşusunu öz qaz rezervlərindən verməklə təmin etdi. Avropanın cənub qonşuluğunda yaşayanlar Ərəb baharını demokratiyalaşma kimi yozurdular, ancaq bu, Ərəb dağıntıları və qəbirləriylə nəticələndi. AB-yə namizəd olan Türkiyə uzun müddətdir ki, quruma üzv olmaq üçün növbə gözləyir, AB isə PKK terroruna qarşı mübarizədə həvəssiz davranır.
Eyni qeyri-müəyyən münasibəti biz hazırda qaçqın böhranı zamanı da görürük. Berlin Avstriya ilə sərhədini bağlamaq qərarına gəldi, beləliklə, şengen qaydalarını pozdu, avropalıların maneəsiz hərəkət etmək hüququnu pozdu. Macarıstanın qaçqınlarla dəhşətli rəftarı, onları qatarlardan itələyərək çıxarması, onları Macarıstan-Serbiya sərhədindəki 100 mil uzunluğundakı hasarlarla əhatələnmiş güclü mühafizə altında olan düşərgələrə doldurması müharibədən qaçıb gələn və AB-də sığınacaq tapmaq istəyən suriyalıların layiq olduqları cavab deyil.
AB-nin Azərbaycana əleyhinə çıxardığı qətnamənin timsalında belə qüsurlu qərarlar təəssüf ki, 1991-ci ildə Sovet İttifaqından qoparaq müstəqillik youna qədəm qoyandan bəri Avropa dəyərlərini qucaqlayan Azərbaycan xalqının ümidlərini puç edir. AB-nin özünün sadiq müttəfiqlərindən üz döndərmək riski onların başqa regional güclərə tərəf üz tutmasıyla nəticələnə bilər.
Tərcümə: Emin
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !