ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, paytaxt Bakıda daha bir küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib.
Söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Binəqədi rayonu Abay Kunanbayev küçəsindən gedir.
Təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burda zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb.
Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
Sözügedən küçədə təmir işləri Paytaxt Bakıda və regionlarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında "Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində aparılıb.
Hazırda paytaxtın bir-neçə küçə və prospektlərində də bu çərçivədə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə əsasən aparılır və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə, texnika cəlb olunub.
Təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !