Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən
olan "EY” şirkəti "EY İlin İş Adamı™” müsabiqəsinə növbəti dəfə start verib. Ölkəmizdə
kiçik və orta sahibkarlığın inkişafı yönündə layihələr həyata keçirən Azərbaycan
Beynəlxalq Bankı da müsabiqəyə dəstək verir. Müsabiqənin daha bir sponsoru isə
BP şirkətidir.
"EY
İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini
yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin
sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur
ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il
mütəmadi keçirilir. "EY İlin İş Adamı™” müsabiqəsi ötən il ölkəmizdə də ilk dəfə
Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə baş tutub. Yeni müsabiqədə iştirak
etmək istəyən sahibkarlar, iş adamları, müəssisə rəhbərləri öz ərizələrini 21
noyabr 2020-ci ilədək proqramın təşkilat komitəsinə təqdim edə bilərlər.
Müsabiqənin
finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri,
beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil
münsiflər heyəti tərəfindən seçiləcək. Milli müsabiqənin qalibi "EY Dünya
Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin
finalçıları ilə yarışmaq imkanı qazanacaq.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin
sədri Abbas İbrahimov bildirib: "Ötən il "EY İlin İş Adamı™” müsabiqəsi ölkəmizdə ilk dəfə uğurla
baş tutdu. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq onlayn həllərin köməyi
ilə qalibin seçilməsi mümkün oldu. Azərbaycan Beynəlxalq Bankı bu il keçirilən
müsabiqəyə də məmnuniyyətlə dəstək verir. Məqsədimiz sahibkarlara öz işgüzar əlaqələrini
genişləndirmək, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək
üçün yeni imkanlar yaratmaqdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !