"Hazırda Federal Rezerv Sisteminin müzakirə etdiyi əsas məsələlərdən biri məhz dolların dünya bazarında möhkəmlənməsinin qarşısını almaq və ya mövcud siyasəti davam etdirmək sualları üzərində qurulub”.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov ABŞ FRS-nin maliyyə bazarlarına uçot dərəcələrinin yüksəlməsi və bu fonda dolların növbəti taleyi ilə bağlı verdiyi açıqlamalara aydınlıq gətirərkən deyib. O, dolların məzənnəsində kəskin artımların yalnız avroya nisbətən deyil, eyni zamanda, digər dönərli valyutalara nisbətdə də olduğunu və bu möhkəmlənin ABŞ-ın ixrac qabiliyyətini xeyli məhdudlaşdırdığını bildirib:
"Bu baxımdan da güman olunur ki, FRS dolların müəyyən qədər yumşaldılması üçün uçot dərəcələrinə dəyişikliklər edəcək. Çünki bütün hallarda dolların kəskin möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarını məhdudlaşdıraraq ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda, idxalın ucuzlaşmasına gətirib çıxarır ki, bu da ABŞ-da istehlak qiymətlərindəki artımı şərtləndirmir. Bu gün ABŞ üçün iqtisadi baxımdan çətinlik yalnız möhkəm dollar deyil, istehlak qiymətləri indeksinin aşağı olması fonunda daxili investisiya ilə bağlı yaranan problemlərdir. Uzun müddətdir ki, FRS Avropa Mərkəzi Bankının qərarına uyğun olaraq uçot dərəcəsinə yenidən baxmağı qarşısına məqsəd qoyub. Hələlik bununla bağlı müəyyən fikir ayrılıqları var. Çünki ABŞ Avrozanada ixrac qabiliyyətinin artırılması və Avropanın iqtisadi baxımdan sağalmasında maraqlıdır. Bu baxımdan da avronun məzənnəsinin uzunmüdətli dövr ərzində aşağı düşməsinə praktik olaraq imkan yaradır”.
İqtisadçının sözlərinə görə, ABŞ bir tərəfdən mövcud siyasətini AB-nin iqtisadi inkişafı bərpa edəcəyi vaxta qədər davam etdirmək istəyir, başqa tərəfdən isə ölkə iqtisadiyyatında yaxın prespektivdə problemlərin olacağından ehtiyatlanaraq uçot dərəcələrinə yenidən baxılmasını və dəyişdirilməsini istəyir:
"Buna görə də hələ ki, ikili yanaşma siyasəti yürüdülür. Praktik olaraq hansı yanaşmanın üstün olması məhz müzakirələrdən asılı olacaq. Hər halda, güman olunur ki, FRS gec-tez uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edəcək. Əks halda möhkəm dollar-möhkəm milli valyuta getdikcə məhdudlaşan ixrac potensialı və aşağı səviyyəli istehlak qiymətləri indeksi ABŞ iqtisadiyyatı üçün ciddi təhlükə yarada bilər”.
Qeyd edək ki, martın 24-də ABŞ-da fevral ayı üçün istehlak qiymətləri və real əmək haqlarında dəyişiklik göstəriciləri açıqlanacaq. Yanvar ayında 0,7% azalan istehlak qiymətlərinin fevralda 0,2% artması proqnozlaşdırılır. Göstərici proqnozlara uyğun və ya daha yüksək olarsa, dollar uçot dərəcələrinin daha erkən tarixdə artırılacağı gözləntisi ilə kəskin güclənə bilər. Proqnozlar özünü doğrultmazsa, dolların kəskin düşüşə keçəcəyi gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !