ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Con Kerrinin müavini Viktoriya Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta qarşılayıb. Bu barədə səfirliyin yaydığı məlumatda qeyd edilib.
Səfirlikdən verilən məlumatda bildirilir ki, ABŞ-ın dövlət katibinin müavini Nuland yüksək vəzifəli hökumət rəsmiləri ilə ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədləri ilə görüşmək, eləcə də ədalətli və uzunmüddətli Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin müzakirəsi üçün Bakıdadır.
O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək.
Bundan başqa o, Bakıdan sonra Gürcüstan hökumətinin yüksəkvəzifəli məmurları, müxalif siyasi xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün Tbilisiyə yola düşəcək.
O, Tbilisidə ikitərəfli və regional məsələlərin geniş spektrini, o cümlədən Gürcüstanın Avropa inteqrasiya yolunu və ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə səylərini müzakirə edəcək.
Gürcüstandan sonra V.Nuland Ermənistana səfər edəcək. O, Ermənistanla siyasi, iqtisadi əlaqələrin möhkəmləndirilməsini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı nizamlanmasında irəliləyişi müzakirə etmək üçün hökumətin yüksəkvəzifəli məmurları, vətəndaş cəmiyyətinin və gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !