İstiPress -in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Haykakan jamanak” qəzetinin son sayında bildirilir.
Ermənistanın NATO təlimlərindən imtinasını şərh edən məqalədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin təlimlərdən öncə seçəcəyi yolla bağlı dedikləri şərh edilib. Riçard Mills "Azadlıq" radiosunda verdiyi müsaşibəsində Qərbin dəstəyinin əvəzində Ermənistandan suveren qərarlar tələb edib:
"Biz Ermənistana suveren qərarları davam etdirmək üçün alətlər vermək istəyirik və əmin olmaq istəyirik ki, Ermənistan getmək istəmədiyi yollara sürüklənmək üçün kənardan başqalarının təzyiqinə qalmayacaq".
"Haykakan jamanak”ın yazdığına görə, Ermənistanın suveren qərarlar əvəzində qərbdən gözlədikləri heç də yüksək insani dəyərləri qəbul edərək demokratik dünyanın bir üzvü olmaq, yaxud Avropa Birliyinin siyasi və iqtisadi modelini qəbul etmək istəyi deyil: "Bu gözləntilər nə siyasi, nə də iqtisadi müstəvi üzərindədir. O, hərbi sahədədir”.
Qəzet hərbi sahədə ABŞ-ın Ermənistana nə verəcəyini də dəqiqləşdirir: "Ermənistanın öz qərarlarını ABŞ-ın istədiyi səviyyədə suveren verməsi üçün yardım alətləri bir neçə yüz milyon dollar qiymətində və bir neçə min ton ağırlığında olmalıdırlar”.
Qəzetin nəyə işarə etdiyi aydındır. "Haykakan jamanak” Ermənistanın ABŞ-dan yardım şəklində ən müasir silahlar verməsini tələb etdiyini vurğulayır. Hərbi ekspertlər ABŞ-ın hərbi texnologiyaya görə dünyanın bütün ordularını geridə qoyduqlarını bildirirlər.
ABŞ ordusunda lazer silahları, səsdən sürətli raketlər, hədəfi məhv etməyə özü qərar verən dronlar və hərbi obyektləri düşmən üçün görünməz edən kvant zirehləri geniş tətbiq edilir. Ermənilrə yəqin ki, müdafiə qabiliyyəti və çevikliyi daha yüksək olan ABŞ tanklarını və artileriya qurğularını da istəyirlər.
Ermənistan ordusu Rusiyanın nəzarəti altında olduğundan hələ ki, bu silahlardan ala bilmirlər. Amma Amerika aprel döyüşlərindən sonra Ermənistanı öz orbitinə şirnikləndirmək üçün ona müəyyən müşahidə avadanlıqları verib. General Arkadi Ter-Tadevosyan erməni mətbuatına müsahibəsində dəfələrlə bildirib ki, ABŞ-ın verdiyi silahlar 30-40 kilometr dərinlikdə Azərbaycan ordusunun hərəkətini müşahidə etməyə imkan yaradır.
Təəssüf ki, Azərbaycan ABŞ-dan bu silahları ala bilmir. 1992-cı ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 907-ci düzəlişə görə Azərbaycan Ermənistanla müharibənin sonuna qədər Amerikadan silah və yardım ala bilməz. Həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən deputatların canfəşanlığı nəticəsində qəbul edilmiş sənəddə Ermənistana qarşı heç bir qadağa nəzərdə tutulmur.
Göründüyü kimi, Azərbaycan Qarabağ müharibəsində nə Qərbin, nə də Rusiyanın dəstəyinə ümid edə bilməz. Hər ikisi münaqişədə gizli şəkildə Ermənistanı dəstəkləyirlər və Azərbaycan torpaqlarının işğaldan azad olmasına maneəçilik törədirlər. Bu məsələdə Azərbaycan yalnız öz gücünə arxalanmalı, imkan daxilində öz hərbi sənayesinin potensialını artırmalıdır. Əgər müharibə qızışarsa, indi Azərbaycana silah satan Rusiyanın da lazımi sursatların satışını dayandıracağı istisna edilmir. Azərbaycanın döyüşü öz imkanları ilə apara bilmək qabiliyyətini təmin etməsi çox vacibdir. Əks halda, döyüşə başlamağın, yaxud bunu tələb etməyin heç bir mənası yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !